«Media forum» saytının məlumatına görə, hesabatda deyilir ki, Təbrizdə mühəndis Əlirza Sərrafinin baş redaktorluğu ilə Azərbaycan türkcəsində və fars dilində çıxan «Dilmac» aylıq mədəni, ictimai və siyasi jurnalı dərc etdiyi bir sıra yazı və materiallara görə İslami İrşad İdarəsi tərəfindən üç dəfə xəbərdarlıq aldıqdan sonra qapadılıb. Xəbərdarlıqların ana dili, İranda qadın məsələsi, Azərbaycan folkloru və mətbuatı, İranda federalizm kimi mövzularda «Dilmanc»da çap edilən yazılarla əlaqədar olduğu bildirilir.
Daha sonra hesabatda uzun illərdir Təbrizdə ustad Həsən Dəmirçinin rəhbərliyi ilə Azərbaycan musiqisinin təlimi və təbliği ilə məşğul olan mərkəzin ETTELAAT tərəfindən qapadıldığı vurğulanır. Fəaliyyətinə hökumət tərəfindən xitam verilənə qədər Azərbaycan Musiqi Mərkəzində 12 musiqi müəllimi çalışıb. Mərkəzin 180 tələbəsi olub.
Hesabatda Qoşaçayın Üçtəpə kəndindən olan «Əhli-Həqq» dini təriqətinin Urmiya zindanında saxlanan dörd azərbaycanlı tərəfdarının ağır vəziyyətinə də toxunulur. Həmin azərbaycanlıların zindanda ağır psixi və fiziki təzyiqlər altında saxlandığı və xəstə olduqları halda dava-dərman və həkim nəzarətindən məhrum edildiyi bildirilir.
Hesabata görə, bir müddət Urmiya zindanında saxlanan bəzi milli fəalara qarşı Urmiya İnqilab Məhkəməsi tərəfindən həbs cəzası çıxarılıb. Urmiya Universitetinin bədən tərbiyəsi fakültəsinin əslən Xiyavdan olan tələbəsi Məhnaz Məhəmmədzadə pantürkizmi təbliğ etməkdə, ölkənin mili təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq 6 ay həbsə məhkum edilib. M.Məhəmmədi Urmiyanın son vaxtlar qapadılmış «Bilim yolu» ədəbi mərkəzində Azərbaycan poeziyası gecələrinin təşkilində mühüm rol oynayan şəxslərdən olub.
Bu ilin iyun ayında keçirilən etiraz aksiyalarında iştiraka görə tutulub Urmiya həbsxanasına aparılan 21 yaşlı Mustafa Meydan Nəvərd Urmiyanın İnqilab Məhkəməsi tərəfindən 4 ay müddətinə azadlıqdan məhrum edilib. Onun tutulandan sonra 12 gün ərzində ETTELAAT-ın Urmiya idarəsinin birbaşa nəzarəti altında olan «Doqquz pillə» həbsxanasında saxlandığı və ağır işgəncələrə məruz qaldığı vurğulanır.
Hesabatın sonunda qeyd olunur ki, on gün əvvəl bir sutka həbsdə saxlanan muğanlı tələbə və milli fəal Siyamək Mirzai həbsdə olduğu saatlarda ETTELAAT əməkdaşları tərəfindən döyüldüyü bildirilir.

































