![]() |
|
Həsən Ruhani |
İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş sədri Həsən Ruhani ölkədə başqa-başqa rəsmilərə qarşı ittiham irəli sürənlərin özlərinin təqsirkar olduğunu bildirib.
«Media forum» saytının məlumatına görə, H.Ruhani noyabrın 21-də jurnalistlərə açıqlamasında deyib: «Kiminsə günahı ədalət məhkəməsində sübuta yetirilməmiş ona qarşı ittiham irəli sürənlər əslində özləri günahkardırlar. Şəxsi güman və şübhələrinə əsaslanıb cəmiyyətdə kimisə özümüzə düşmən saymağımız düzgün deyil. Tarix bizə deyir ki, bu yolla özünə düşmən yaradan cəmiyyətlər sonda məğlubiyyətə uğrayırlar».
H.Ruhani rəqibi düşmənlə səhv salmamağı tövsiyə edib: «Şəxsi güman və şübhələrinə əsaslanıb kimisə düşmən obrazında təqdim etmək uçuruma gətirib çıxarır və cəmiyyətdə ictimai qrupları üz-üzə qoyur. Rəqibləri düşmən kimi təqdim etməklə onları meydandan çıxartmaq olmaz. Rəqiblə dil tapmaq lazımdır. Beş-on adamla ölkəni idarə etmək olmaz. Biz bütün fikir adamlarından, fərqli düşüncə və təfəkkürə malik insanlardan istifadə etməliyik».
Siyasi ekspertlərin fikrincə, İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş sədrinin açıqlaması İran prezidenti Mahmud Əhmədinejada və ETTELAAT-ın rəhbəri Qulamhüseyn Möhsüni Ejeiyə cavabdır. Əhmədinejad və Ejeyi son vaxtlar öz çıxışlarında Üləmalər Məclisinin rəhbəri Haşimi Rəfsəncaniyə yaxınlığı ilə tanınan, İranın Qərblə nüvə müzakirələri aparan heyətin keçmiş rəhbəri Hüseyn Musəviyanı casusluqda, ölkənin nüvə fəaliyyəti ilə əlaqədar bir sıra gizli sənədləri İngiltərə səfirliyinə ötürməkdə günahlandırırlar.


































