«Media forum» saytının məlumatına görə, Urmiya İnqilab Məhkəməsi məhbuslardan Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadəni 13 il müddətinə ölkənin mərkəzi hissəsində yerləşən Yəzd zindanına sürgünə məhkum edib.
Digər iki əlallahı məhbusa - Mehdi Qasımzadə və Yunis Ağayana qarşı bundan əvvəl çıxarılmış hökm (edam hökmü) qüvvədə saxlanıb.
Bu məhbusların hamısı İranın Qərbi Azərbaycan əyalətinin Qoşaçay (indiki Miyandab) şəhərinin Üçtəpə kəndindəndir. Onlar 4 il əvvəl Qoşaçayda hökumətlə Əhli-həqq tərəfdarları arasında baş verən silahlı qarşıdurmada həbs ediliblər. Məhkəmə əvvəlcə onların hamısına qarşı edam hökmü çıxarmışdı.
Məhbuslar bu ilin aprel ayında da zindanda məruz qaldıqları mənəvi və fiziki təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçiriblər.




































