
Azərbaycanlı Tələbə və Müəllimlər Birliyinin üzvü Həmid Valayi Şərqi Azərbaycan əyaləti Vəkillər Birliyinin insan hüquqları üzrə komissiyasına yazdığı məktubda Təbriz ETTELAAT-nın həbsxanasında saxlandığı müddətdə ağır işgəncələrə məruz qaldığını bildirib. İfadə vermək üçün bu il iyulun 15-də ETTELAAT-ın Təbriz idarəsinə çağırılan milli fəal Həmid Valayi 13 gün müddətinə həbsdə saxlanmışdı.
«Media forum» saytının məlumatına görə, fəalın məktubunda deyilir: «Təbriz ETTELAAT idarəsinin həbsxanasında təkadamlıq kamerada qanunsuz olaraq saxlandığım 13 gün ərzində dəfələrlə ağır psixi və fiziki təzyiqlər altında dindirildim. Müstəntiq etiraf almaq üçün məni döyür, müxtəlif işgəncələr verirdi. Onun zərbələri nəticəsində bir neçə dişim sınıb. Sağ ayağımdan da ağır xəsarət aldım».
Güneyli fəal işgəncələr zamanı bir neçə dəfə huşunu itirdiyini də vurğulayıb: «Kəskin başgicəllənmələr və baş ağrıları indi də davam edir. İşgəncə dolu dindirmələrdən sonra ciddi müalicəyə ehiyacım olsa da, həbsxanada mənim həkimə müraciətimə imkan vermirdilər».
Təbrizli fəal azərbaycanlı tələbələrin buraxdığı bir sıra nəşrlərdə çıxan məqalələriylə tanınır.

































