Xəbərlər

TELEVİZİYA PROQRAMLARI DƏYİŞİB

2009-05-01 - 13:42:00



Dövlət Neft Akademiyasına silahlı basqın nəticəsində baş verən faciə ölkə telekanallarının proqramında dəyişikliklə nəticələnib.

Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova “Media forum” saytına bildirib ki, mayın 1-i səhər proqramı bütünlüklə akademiyadakı faciəyə həsr olunub. X.Qasımovanın sözlərinə görə, gün ərzində kanalda yalnız ağır musiqilər səsləndiriləcək: “AzTV-də ümumiyyətlə şou xarakterli veriliş olmur. Musiqili-əyləncəli verilişlər də bu gün efirə verilməyəcək”.

İctimai Televiziya və Radio Yayım Şirkətinin koordinasiya və proqram direktoru Rafiq Nəbiyev “Media forum”a deyib ki, onlar hətta yaxın üç-dörd proqramını dəyişiblər: “Dəyişiklik aprelin 30-dan olub. Hətta yayımı əvvəlcədən nəzərdə tutulan filmlərin xarakterinə də baxılıb və uyğun olmayan filmlər proqramdan çıxarılıb”.

Direktor onu da qeyd edib ki, mayın 1-də “TRT-Avaz”ın yayımı zamanı da ümumi ovqata uyğun verilişin hazırlanması xahiş edilib: “Aprelin 30-da “TRT-Avaz”ın redaksiyası ilə saxladıq və Azərbaycanda baş vermiş qanlı olayın, xalqın əhvalının nəzərə alınmasını xahiş etdik. Ricamız nəzərə alınmışdı”.

“Speys” teleşirkətinin icraçı direktoru Kamil Şahverdiyevin bildirdiyinə görə, onlar aprelin 30-da verilişlərdə dəyişiklik ediblər: “Əgər Milli Teleradio Şurasından yenə dəyişiklik edilməsi ilə bağlı göstəriş gəlsə, bunu da dəyərləndirərik. Amma elə bir tapşırıq almamışıq. Axşama bir əyləncəli verilişimiz var, onun yayımlanıb-yayımlanmayacağı barədə nəsə deyə bilmərəm”.

“Azad Azərbaycan” teleşirkətinin vitse-prezidenti Natiq İbrahimov deyib ki, onlar həm televiziyada, həm də radioda yayımlanan verilişlərdə dəyişiklik ediblər: “Hazırda radiolarda lirik mahnılar səsləndirilir. Televiziyadan isə bütün əyləncəli verilişləri yığışdırmışıq və onların yerinə sənədli filmlər daxil edilib. Proqrama aprelin 30-dan dəyişiklik etmişik”.

Milli Televiziya və Radio Şurasının sədri Nuşırəvan Məhərrəmli “Media forum” saytına bildirib ki, qurum ölkədə yayımlanan bütün teleşirkətlərə proqramlarında dəyişiklik etmək barədə tövsiyəsini çatdırıb: “Tövsiyə etdik ki,  əyləncə xarakterli verilişləri azaltsınlar”.

ANS teleşirkəti də aprelin 30-dan proqramında dəyişiklik edib, əyləncəli proqramların yayımı qeyri-müəyyən vaxtadək təxirə salınıb. “ANS Press”in məlumatına görə, bu proqramların siyahısında "Yallı", "Qonaqlıq", "Qatıq", "Geccə", "Çatlama" kimi verilişlər var. Eyni zamanda sabah saat 22.00-da premyerası nəzərdə tutulan “Söz qalası” meyxana şousunun ilk yayımı may ayının 9-u saat 22.00-dək təxirə salınıb.

Bakıda yerli və xarici kanalları kabel televiziyası vasitəsilə yayımlayan “CaTV” musiqili kanalların yayımını dayandırıb.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-05-16Manat
1 Avro1.0761
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0225
1 Türk lirəsi0.3735

Hava proqnozu

Arxiv

        Rambler's Top100