Hüquq

NAXÇIVAN TELEVİZİYASI BÜTÜN ÖLKƏYƏ YAYIMLANA BİLƏR. QƏRAR OLSA

2009-10-08 - 17:25:00

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi

Naxçıvan şəhərindən deputat, Milli Məclisin komitə sədri Eldar İbrahimov muxtar respublikanın dövlət televiziyasının bütün ölkəyə yayımlanmasını təklif edir. Bugünlərdə Milli Məclis səviyyəsində səsləndirdiyi təklifi deputat belə əsaslandırır: “Naxçıvanda görülən işlər barədə bütün ölkənin xəbəri olmalıdır. Eyni zamanda belə bir yayım muxtar respublikanın blokadadan çıxmasına yardım göstərər”.

Eldar İbrahimovun təklifi reallaşa bilərmi? Bölgə televiziyasının ölkə ərazisində yayımlanması üçün hansı addımlar atılmalıdır? Bu işin texniki, hüquqi tənzimlənməsi necə həyata keçirilməlidir? “Media forum” bu suallarla ayrı-ayrı şəxslərə müraciət edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin rəisi Əflatun Şərifov deyir ki, belə bir praktikanın həyata keçirilməsi mümkündür: “Bunun üçün ilk növbədə Naxçıvan televiziyası peykə çıxmalıdır. Buna aplink deyirlər. Televiziyadan siqnallar peykə ötürülür və oradan yayımlanır”.

Birlik rəisinin sözlərinə görə, bundan sonra ölkə üzrə yayımlanmaq asandır: “Əgər televiziya peykə çıxışı təmin etmiş olsa, ona həm peyk antenləri vasitəsilə baxmaq mümkün olacaq, həm də ölkənin ən müxtəlif yerlərində ötürücülər quraşdırmaqla bölgələrə yayımlanmaq mümkündür. Bu gün bütün televiziyalar bölgələrə bu yolla yayımlanır”.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də belə bir praktikaya başlamağın mümkün sayır: “Bu, bir təklifdir. Bunun üçün ən əvvəl əlaqədar təşkilatlara müraciət eləmək lazımdır”.

“Azadlıq” radiosunun muxtar respublika üzrə bölgə müxbiri Məlahət Nəsibova hesab edir ki, təklifin reallaşması gözəl ənənənin başlanğıcı ola bilər. Amma region televiziyasının ümumrespublika televiziyaları ilə rəqabətə girməsi M.Nəsibovada sual doğurur: “Naxçıvan televiziyasında hazırlanan verilişlər o səviyyədə deyil ki, Azərbaycan tamaşaçısı onu qəbul eləsin. Verilişlərin səviyyəsi, görüntünün keyfiyyəti, kadr baxımından Naxçıvan televiziyası güclü rəqabətə hazır deyil”.

Bununla yanaşı M.Nəsibova bölgə televiziyasının bütün ölkəyə yayımlanmasını Naxçıvan Muxtar Respublikası üçün önəmli olacağını deyir: “Ən əvvəl ona görə ki, Naxçıvanı tanıdacaq. Həm də geniş dairədə yayımlansa, o zaman televiziya rəqabətə dözmək üçün kadrların peşəkarlığına, verilişlərin səviyyəsinin yüksəlməsinə əhəmiyyət vermiş olar. Muxtar respublikada dövlət televiziyası ilə rəqabət aparacaq media quruluşu olmadığından telejurnalistlər öz üzərlərində işləmirlər”.

Naxçıvan Muxtar Respublikası Mətbuat Şurasının sədri Fərəc Fərəcov deputat Eldar İbrahimovun təklifini dəstəkləyir: “Naxçıvanda bu gün görülən işlərə, onun coğrafi mövqeyinə, qədim Azərbaycan torpağı kimi önəminə görə televiziyanın ümumrespublika ərazisində yayımlanması yaxşı olardı. Bu təklifin reallaşması muxtar respublikanın gələcəyi üçün də əhəmiyyətli məsələdir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti rəhbəri Hüseyn Əsgərov “Media forum” saytına açıqlamasında bildirib ki, Naxçıvan Dövlət Televiziyası vaxtı çatanda ümumrespublika üzrə yayımlanacaq: “Mən bu təklifi mənfi dəyərləndirmirəm. Vaxtı çatanda bu yayım təşkil olunacaq”.

Naxçıvan Muxtar Respublikasında 2 televiziya, 2 radio fəaliyyət göstərir, 9 qəzet, 1 jurnal nəşr olunur. 

Dövlət Televiziya və Radio Verilişləri Komitəsi muxtar respublikanın ən böyük kütləvi informasiya orqanlarından biridir. 1963-cü ildə yaradılıb. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi kimi fəaliyyət göstərir.

Komitə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əks etdirən televiziya və radio verilişləri hazırlayır. Gün ərzində 12 saat efirdə olan televiziya səhər saat 10.00-dan 22.00-a qədər verilişlər yayımlanır. Hər saatbaşı qısa, hər gün saat 19.00-da isə ana xəbər bülleteni verilir.

Muxtar respublikada yayımlanan digər televiziya - “Kanal 35” 2004-cü il iyul ayının 14-də - Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 35-ci ildönümündə Naxçıvan Muxtar Respublikası Radio - Televiziya Ötürücü Mərkəzinin nəzdində fəaliyyətə başlayıb. Əsasən əyləncəli proqramlar və filmlər nümayiş etdirir.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-04-24Manat
1 Avro1.0843
1 ABŞ dolları0.7843
1 Rusiya rublu0.022
1 Türk lirəsi0.3647

Hava proqnozu

Bakı+11 .. +25oC 
Gəncə+12 .. +25oC 
Lənkəran+9 .. +22oC 
Naxçıvan+10 .. +27oC 
Quba+10 .. +23oC 
Sumqayıt+10 .. +24oC 
Şəki+9 .. +22oC 
Zaqatala+11 .. +24oC 

Arxiv

        Rambler's Top100