Koalisiyanın bu gün yaydığı bəyanatda bildirilir ki, Neft Fondunun 2009-cu il üzrə gəlir və xərclərini əhatə edən büdcəsinin prezident tərəfindən təsdiq olunması ləngiyir: «Bu da Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası qaydalarının 1.2, 3.3.3, 4.1, 4.3, 4.4, 4.6-cı bəndlərinin tələblərinin pozulmasıdır».
Bəyanatda deyilir ki, Neft Fondunun büdcəsi sözügedən qaydalarla tənzimlənir: «Bu qaydalara görə, Neft Fondunun illik büdcəsi hər il sentyabrın 5-dən gec olmayaraq Müşahidə Şurasına təqdim edilməli (4.1-ci bənd), Müşahidə Şurasından isə dövlət büdcəsinin layihəsi ilə birgə baxılması üçün (4.3-cü bənd) ölkə prezidentinə göndərilməlidir. Prezident fondun büdcəsinin təsdiqlənməsi üçün son müddət olaraq qaydalarda dekabr ayının 31-ni (4.4-cü bənd) göstərib. Təsdiqlənmiş büdcə dərhal mətbuatda dərc olunmalıdır (4.6-cı bənd). «Büdcə sistemi haqqında» qanuna görə də Neft Fondunun büdcəsi digər qeyri-büdcə fondları kimi dövlət büdcəsi ilə eyni vaxtda təsdiqlənməlidir».
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəyanatında bu halın birinci dəfə baş vermədiyi vurğulanıb və bu, Azərbaycanın hasilat sənayesindən əldə etdiyi gəlirlərin istifadəsində şəffaflıq prinsipinin təmin olunmaması faktı kimi qiymətləndirilib.

































