![]() |
|
Elmira Axundova |
Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Elmira Axundova Azərbaycanda yeni bayramın yaradılması təklifi ilə çıxış edib.
“Media forum” saytının məlumatına görə, deputat deyib ki, Azərbaycanda analar günü bayramı yaradılsın: “28 aprel görkəmli akademik Zərifə Əliyevanın ad günüdür. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı Zərifə Əliyevanın ad gününü ehtiramla yad edir. Onun ad gününün analar günü kimi qeyd edilməsi Zərifə xanıma ümumxalq məhəbbətinin təzahüründən xəbər verərdi. Həm də təqvimimizə yeni milli bayram daxil olardı. Analar günü bayramı təsis edilməli və həmin gün qeyri-iş günü hesab olunmalıdır”.
E.Axundova onu da vurğulayıb ki, 8 Mart Beynəlxalq Qadınlar Günü bayramını Azərbaycanda ləğv etmək mümkündür: “Çünki bu bayram artıq öz əhəmiyyətini itirib və bir çox ölkədə qeyd olunmur. Amma əksər ölkədə analar günü var”.
Oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtlı kəndində doğulub. 1985-ci il aprelin 15-də vəfat edib. Zərifə Əliyeva Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin həyat yoldaşı, hazırkı dövlət başçısı İlham Əliyevin anasıdır.


































