«Media forum»a daxil olan məlumatlarda İrandakı son təzyiqlərə etiraz əlaməti olaraq bir sıra Azəbaycan ziyalılarının, o cümlədən yazıçı və şairlərin internetdə imza kampaniyası başlatdığı bildirilir.
Məlumatlara görə, Zəncanda tutularaq Tehranın Evin həbsxanasında saxlanan milli fəallar vəkildən məhrum edilərək hökumətin davamlı təzyiq və işgəncəsinə məruz qalırlar. Hüquq müdafiəçiləri Səid Mətinpur, Behruz Səfəri və Cəlil Qənilunun üç aydan çoxdur ağır şəraitdə həbsdə saxlandığı və xəstə olduqları bildirilir.
Azərbaycan və ərəb milli fəallarının vəkilliyini öz üzərinə götürmüş Saleh Kamraninin avqustun 18-də yenidən Kərəc şəhərində tutularaq Evin həbsxanasına aparıldığı deyilir. Təbrizdən yayılan məlumatlarda isə vurğulanır ki, Azərbaycan milli fəalı və yazıçı Şəhnaz Qulami artıq bir neçə gündür ev dustağıdır. O, Azərbaycan milli məsələsi və qadınların hüquqları ilə bağlı yazılarına görə ETTELAAT qüvvələrinin təzyiqlərinə əvvəllər də məruz qalmışdı.
Digər məlumatda bildirilir ki, bir müddət əvvəl həbsə salınan təbrizli milli fəal Nima Rəzəviyan müəmmalı şəkildə dünyasını dəyişib. Onun işgəncələr altında öldürüldüyü barədə şayiələr gəzir.
Ərdəbildə isə iki milli fəal - Gəştasb Vaseqi və Mahmud Aslani İnqilab Məhkəməsində casusluqda günahlandırılaraq 4 il həbsə məhkum ediliblər.
Xiyavdan (Meşkin Şəhr) verilən məlumatlarda isə bildirilir ki, azərbaycanlı yazıçı-jurnalist İbrahim Rəşidi (Savalan) milli fəaliyyətlərinə görə5 ay şərti həbs cəzası alıb. Təbriz zindanında saxlanan milli fəal Əmir Abbas Bənai Kazimi isə naməlum başqa bir həbsxanaya köçürülüb.

































