«Media forum» saytının məlumatına görə, bəyanatda deyilir: «Son günlər xeyli tələbə həbs edilib. Altı aydan az bir müddətdə 60 tələbənin müxtəlif bəhanələrlə həbsə salınması misli-bərabəri görünməmiş bir rekorddur. Tələbələri o miqyasda həbs edirlər ki, sanki rəsmilər universitetlə həbsxana arasında heç bir fərq qoymurlar».
Həbsdə saxlanan bəzi tələbələrin adları da çəkilir: «Urmiya Azad Universitetinin tələbəsi Hadi Həmidi Şəfiq 17 ay, Sulduz Azad Universitetinin tələbəsi Mehdi Nuri isə 7 il şərti həbsə məhkum edilib. Əhvaz Universitetinin tələbəsi Cavad Əlixani heç bir səbəb göstərilmədən bir aydır ki, həbsdə saxlanır. İslami Birliklərin və Vəhdəti Möhkəmləndirən Qurumun Mərkəzi Şurasının üzvləri Əli Əzizi, Əli Nikunesbəti və Pedram Rəfəti Tehran prokurorluğunun əmri ilə heç bir səbəb göstərilmədən həbs ediliblər. Onlar 20 gündən artıqdır ki, həbsdədirlər».
Bəyanatı imzalayanlar adları sadalanan şəxslərin, eləcə də digər məhbus tələbələrin dərhal azadlığa buraxılmasını tələb edir.

































