Güney mənbələrindən «Media forum» saytına daxil olan xəbərə görə, Güney Azərbaycan Qadın Hərəkatı adı altında fəaliyyət göstərən Təbriz Universitetinin qız tələbələri 21 Azərlə bağlı təntənəli mərasim keçirərək milli hökumətin bir il müddətində keçirdiyi islahatları dəyərləndirib, o zaman Azərbaycan qadınlarına verilmiş hüquqlar barədə müzakirə aparıblar.
Məlumatda həmçinin dekabrın 12-də Urmiya şəhərinin əsas küçə və meydanlarında çox təntənəli şənliklərin və atəşfəşanlıq mərasimlərinin keçirildiyi vurğulanır. Milli fəallar İmam və Ətayi küçələrində, həmçinin şəhərin əsas mərkəzi meydanında atəşfəşanlıq düzənləyib. Hüquq-mühafizə qüvvələri və mülki geyimli ETTELAAT əməkdaşları mərasimə mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər.

































