Məlumata görə, hökmdə göstərilir ki, X.Derəxşi, Y.Lütfhəqq, M.Əfşəri, M.Cavadi və C.Kənani H.Əsədi vasitəsilə Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) ilə əlaqə qurublar. Onlar GAİP-dən əldə etdikləri müxtəlif elan və bəyanatları T.Məhdəvi vasitəsilə çoxaldaraq yaymaqla məşğul olublar. Təbrizin Əbu-Reyhan körpüsünün üstündə Azərbaycan bayrağını asmaqla azərbaycanlıları cəlb etmək niyyətilə təhrikedici hərəkətlərə yol veriblər, şəhərin müxtəlif yerlərinə müxtəlif şüarlar yazılmış yapışqanlı kağızlar («nakleyka») yapışdırıblar.
Hökmdə o da qeyd olunur ki, ETTELAAT-ın Şərqi Azərbaycan vilayətindəki idarəsinin verdiyi raporta və ittiham olunan şəxslərdən bəzilərinin dediklərinə əsasən, bu şəxslər İran İslam Respublikasına müxalif olan GAİP-lə müxtəlif formada, həmçinin internet vasitəsilə əlaqədə olublar.
İttiham olunan şəxslərin vəkilləri onların bu partiyaya üzvlüklə bağlı hər hansı sənəd göndərmədiklərini desələr də, məhkəmə bildirib ki, ittiham olunan şəxslərə göndərilən elan və bəyanatlarda GAİP-in məqsədi aydındır və bu kimi təşkilatlara üzv olmaq üçün hər hansı sənədin və ya formanın doldurulması tələb edilmir. GAİP-lə əlaqələrin qurulması, informasiya mübadiləsi və verilən göstərişlərin icrası onların bu təşkilata üzvlüklərini təsdiqləyir.
Təbriz İnqilab Məhkəməsinin II şöbəsinin hakimi Həmlbər əldə olunan dəlillərə istinad edərək İslam Cəza Qanununun 499 və 500-cü maddələri ilə X.Derəxşi, Y.Lütfhəqq, M.Əfşəri, M.Cavadi, C.Kənani, H.Əsədi və T.Məhdəvi həbsdə saxlandıqları müddət nəzərə alınmaqla 1 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda X.Derəxşi, C.Kənani və T.Məhdəvinin gənc olduqlarını və peşmanlıqlarını nəzərə alaraq İslam Cəza Qanununun 25-ci maddəsinə əsasən, 1 illik həbs hökmünün 8 ayı 3 illik şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Əgər onlar bu müddət ərzində yenidən bu istiqamətdə fəaliyyətlərini bərpa etsələr, əvvəlki hökm qüvvəsində qalaraq icra olunacaq.
Müttəhimlər C.Kənani və H.Əsədi hökm oxunan zaman məhkəmədə olmadıqlarına görə 10 gün müddətinə məhkəməyə müraciət etməlidirlər. Müraciətdən sonrakı 20 gün müddətində isə onlar məhkəmənin çıxardığı hökmdən apellyasiya şikayəti verə bilərlər. Məhkəmədə iştirak edən müttəhimlər də çıxarılan hökmdən 20 gün müddətində Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinə müraciət edə bilərlər.
Haqlarında hökm çıxarılan milli fəallar hökmü ədalətsiz sayırlar və Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini bildiriblər.

































