Güneydən əldə edilən bilgilərə görə, Səccad Radmehr, Fəraz Zehtab və Aydın Xaceyi, Daryuş və Şahrux Hatəmi qardaşları, Vədud Əsədi, Peyman Qulami, Əli Abdullahzadə hüquq müdafiəçisi Həmid Valayi, mühəndis Daryuş Hatəmi və Qulam Nəcəfi qanunsuz həbs olunaraq işgəncə və təzyiqlərə məruz qalıblar. İşgəncələr sırasına elektrik cihazlarından istifadə, ayaqdan asılma, ağır fiziki əzablar, söyüş və təhqirlər, şəxsiyyəti alçaldan əməllər daxildir. Əgər əvvəllər təzyiqlər xəbərdarlıq və ya həbslər şəklində olurdusa, indi hərəkat fəallarının naməlum və şübhəli şəkildə dünyasını dəyişməsi, adam oğurluğu yayılıb. Təbriz milli fəallarından olan Afşin Urfan Xosroşahi iş yerində qətlə yetirilib. O, ağır işgəncələrdən sonra iplə boğularaq oldürülüb. Ölümündən əvvəl dəfələrlə ETTELAAT-a çağrılaraq hədə-qorxuya məruz qalıb. Başqa bir hərəkatçı-Fərhad Mohsüni Neqaristani də ETTELAAT məmurlarının verdiyi elektrik şoku işgəncəsi nəticəsində vəfat edib.Bütün bu sadalananlar İran rejiminin öz milli hüquqları uğrunda mübarizə aparan Azərbaycan türklərinə qarşı inkarçı və assimilasiya siyasətinin göstərisidir».
DAK-ın həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın imzaladıqları bəyanatda vurğulanır ki, dünyada insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyətin genişləndirilməsi tələbi ilə çıxış edən beynəlxalq qurumların, hüquq-müdafiə təşkilatlarının İranda baş verənlərə laqeyd və etinasız münasibəti rejimin təzyiqlərini daha da artırmasına rəvac verir: «Dünya Azərbaycanlıları Konqresi olaraq İranda soydaşlarımıza qarşı təzyiqlərin dayandırılmasını, həbsdə saxlanan fəalların azad edilməsini, tələbələrə qarşı əsassız ittihamlara son verilməsini tələb edir və dünya birliyini, beynəlxalq təşkilatları, hüquq-müdafiə qurumlarını insan hüquq və azadlıqlarının qorunmasında əməli fəaliyyətə çağırırıq».
«Media forum»

































