«Media forum» saytı bildirir ki, komitənin məlumatında məhbuslardan heç birinə öz ailəsinə zəng vurub tutulduğunu deməyə icazə verilməyib. Onların hazırkı vəziyyəti və səhhəti barədə də konkret xəbərin olmadığı vurğulanır.
Azərbaycanlı fəallar sentyabrın 10-da Tehranın Nəvvab küçəsində Səyyad Məhəmmədiyan adlı bir güneyli fəalın iftar qonaqlığında tutulublar. Həbs edilənlər arasında məhbus Abbas Lisaninin həyat yoldaşı Rüqiyyə Lisani və üç uşağı (Sevda, Atilla, Oqtay) da vardı, onlar bir neçə saat sonra azadlığa buraxılıblar.
Bu gün bir sıra mənbələr tutulanlardan Məhəmmed Abbaspur, Yusif Huşyar və Şahbaz İbrahim Nejadın da azad edildiyini xəbər verib. Bu məlumat doğrudursa, onda həbsdə qalanlar «Yaşmaq» jurnalının baş redaktoru Səid Muğanlı, çapına qadağa qoyulmuş «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, «Ulus» tələbə qəzetinin baş redaktoru Hüseyn Heydəri, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi, «Varlıq» jurnalının yazarları Əkbər Azad və Həsən Raşedi, Fərhad Rzai, Rubab Əzimi, Səyyad Məhəmmədiyan, Abbas Nəimi, Əkrəm Nəccari və başqalarıdır.

































