«Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu «Media forum» saytının əməkdaşının bu yöndə sualını mənfi cavablandırıb: «Türkiyədə qatillərin dərhal müəyyən olunmasının Elmar Hüseynov məsələsinə təsir edəcəyini söyləmək mümkünsüzdür. Bu, inandırıcı deyil. Ona görə yox ki, bizim hüquq- mühafizə orqanlarının əməkdaşları türkiyəli həmkarları qədər peşəkar deyillər. Ona görə ki, Azərbaycan ictimaiyyəti Türkiyə ictimaiyyəti qədər hökumətə təsir etmək imkanında deyil. Bizim hökumətin jurnalistin ölümünün açılmasında maraqlı görünmür. Azərbaycan hökuməti bu işin açılmasında maraqlı olsaydı, onu çoxdan açmışdı».
Ş.Xuduoğlu hesab edir ki, hər iki ölkədə jurnalist qətlə yetirilsə də, hadisələrin motivləri ayrı-ayrıdır: «Hrank Dink milli zəmində, türk xalqını təhqir edən yazılarına görə öldürülüb. Amma Elmar Hüseynovun qətlə yetirilməsində siyasi motiv başqadır. Dövlətin hadisəyə yalnız bir neçə gündən sonra mövqe bildirməsi də buna sübütdür. Yalnız prezidentin müraciətindən sonra istintaqın gedişində hansısa hərəkət, aktivləşmə oldu».
Baş redaktor bir məsələyə də diqqət yetirir: «Elmar Hüseynovun qətlində Azərbaycan hökumətinin bəzi üzvlərinin iştirakı var, maraqlı qüvvələr cinayətin üstünün aaçılmasına əngəl törədirlər. Amma Türkiyə hökuməti Hrank Dinkin işinin açılmasında maraqlıdır».
«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev hesab edir ki, E.Hüseynovun qatilllərinin şəkillərinin ictimaiyyətə açıqlanması zəruridir: «Gördüyünüz kimi, məhz Türkiyə xəfiyyəsi və jurnalistlərin birgə çalışması şübhəli bilinən şəxsin fotosu mətbuata açıqlandı və bu da qatilin həbs olunmasına gətirib çıxardı. E.Hüseynovun qətlində təqsirli bilinən Teymuraz Əliyevin və digərlərinin şəkilləri hes olmasa polisə təqdim edilsəydi, onların yaxalanmasına və istintaqın gedişatına təkan verə bilərdi».
Baş redaktor bir qrup jurnalistin Tiflisdə özünü Teymuraz Əliyev kimi təqdim edən şəxslə görüşünü xatırladaraq bildirir ki, həm bu fakt, həmçinin Teymurazla Tahirin şəkillərinin ictimaiyyətə açıqlanmaması Azərbaycan rəsmilərinin, eləcə də hüquq-mühafizə orqanlarının bu məsələdə maraqlı olmadığını sübut edir: «Çünki biz həmin şəxslə görüşümüz haqda mətbuata açıqlama verərkən Respublika Prokurorluğu, MTN, DİN bu faktı cidd-cəhdlə qapatmağa və həmin adamın Teymuraz Əliyev olmadığını sübut etməyə çalışdılar. Bu da onu göstərir ki, Azərbaycan hökumətində Elmar Hüseynovun qətlinin açılmamasında maraqlı olan şəxslər var».
Vəkil Adil İsmayılov da hesab edir ki, Türkiyədə jurnalistin qatilinin tez bir zamanda, eləcə də onun fotosunun yayılması nəticəsində həbs olunması müsbət haldır: «Hesab edirəm ki, bizdə də belə etməli idilər. Elmar Hüseynovun qatillərinin şəklinin gizlədilməsini heç cür izah etmək mümkün deyil. Düzdür, hüquq-mühafizə orqanları istintaq sirrinə istinad edərək şəkli ictimaiyyətdən cizli saxlayırlar. Amma burada heç bir istintaq sirrindən söhbət gedə bilməz».
Müsavat Partiyası liderlərindən olan Arif Hacılının sözlərinə görə, Türkiyədə qətlə yetirilən jurnalistin qatılının tapılmasında hakimiyyət adamları maraqlıdırlar: «Ona görə də qısa müddət ərzində həmin qatil tapılıb ortaya çıxarıldı. Amma Elmar Hüseynovun qatilinin tapılmasında Azərbaycan hakimiyyət adamları maraqlı deyillər. Nəinki qatillərin şəkilləri ictimaiyyətə təqdim edilmir, heç digər səmərəli istintaq hərəkətləri də aparılmır».
ADP sədrinin müavini Sərdar Cəlaloğlu Hrant Dinkin qatilinin tapılmasında onun fotosunun ictimaiyyətə açıqlanmasının böyük rolu olduğunu düşünür: «Bir var şəxsin fotosu, bir də var fotorobot. Fotorobotda şahidin yaddaşında qalan sifət cizgiləri qeydolunur. Amma Türkiyədə baş vermiş hadisə zamanı qatilin fotosu göstərilməklə onu daha tez həbs etmək mümkün oldu. Hesab edirəm ki, fotorobotla fotoşəklin imkanları eyni deyil».
E.Hüseynovun qətlini törədən şəxslərin şəkillərinin ictimaiyyətə açıqlanması məsələsinə gəlincə, S.Cəlaloğlu hüquq-mühafizə orqanlarının indiyə qədərki bəyanatlarının kifayət qədər əsaslı olmadığını bildirir: «Ona görə də istintaq təhqiqatın dərinliyinə gedə bilmir. Elmar siyasi sifarişlə yerinə yetirilib. Bu amil təhqiqatların daha da mürəkkəbləşməsinə xidmət edir. Türkiyə hökumət adamlarından da hər kiminsə Dinkin qətlində əli olsaydı, bu cinayət bəlkə heç açılmazdı. Amma dövlətin bundan xəbəri yox idi. Eyni zamanda həmin qətl Türkiyənin mənafeyinə ciddi ziyan vurduğu üçün bütün dövlət strukturları cəm oldu və qatil 32 saat ərzində tapıldı».
YAP səlahiyyətlisi Mübariz Qurbanlının sözlərinə görə, Elmar Hüseynovun qətli hər hansı kamera vasitəsilə çəkilsəydi, cani çoxdan həbs olunardı: «Yaddan çıxarmayaq ki, Türkiyədə törədilmiş qətl zamanı qatil yaxınlıqdakı kameraya düşmüşdü. Mərhum Elmar Hüseynov binanın blokunda – qapalı yerdə qətlə yetirilib, həmin şəxsin kimliyi bəlli deyil, onun yalnız və yalnız müxtəlif versiyalarda fotorobotunun hazırlanmasından söhbət gedirdi. Bu gün polis fotorobotların əksinə əsasən hazırlanmış şəkillər əsasında oxşar adamları axtarışını həyata keçirir. Mənim yadımdadır ki, həmin fotorobot qəzetlərdə də dərc olunmuşdu».
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktoru İlham İsmayıl «Azadlıq» radiosuna verdiyi müsahibədə bildirib ki, Türkiyədən fərqli olaraq Azərbaycanda qatillərin tapılmasında hökumətin maraqlı olmadığı hiss edilir. İ.İsmayıla görə, Azərbaycandan fərqli olaraq dövlətin imicinə zərər gəlməsin deyə qatilin tapılmasıyla bağlı bütün sistem hərəkətə gətirilib və təxminən 32 saat ərzində hadisəni törədən şəxs və onun əlbir olduğu qrup aşkarlanıb: «Elmarın yazıları mövcud rejimin tənqidinə yönəlmişdi, ona görə də hakimiyyət maraqlı deyil ki, onu vaxtilə tənqid etmiş adamın qatilləri tapılsın. Hətta mən bir az da irəli gedib demək istəyirəm ki, ola bilər sifarişçilər elə hakimiyyətin müəyyən qanadlarında olan adamlardır və bu səbəbdən qətlin üstünün açılmasına maraq yoxdur».

































