![]() |
Əmir əl-Səffar əslən iraqlıdır. 1977-ci ildə Çikaqonun yaxınlığında, ABŞ-ın İllinoys ştatında anadan olub. Məktəb illərindən musiqi ilə məşğul olub, Çikaqonun De Paul Universitetində təhsil alıb. Sonra Nyu-Yorkda yaşayıb, cazı sevib. Truba alətində məşhur Daniel Barenboym və Sesil Teylorla konsertlər verib. Caz kompozisiyaları bəstələyib. Bacısı Dina əl-Səffar və onun həyat yoldaşı Tim Murla birlikdə “Salam” muğam üçlüyünü yaradıb. ABŞ dövlətinin ayırdığı qrantla Azərbaycan Milli Konservatoriyasında 3 ay muğam sənətini öyrənib. |
Ərəb mənşəli Amerika cazmeni Əmir əl-Səffar İraqdan fərqli olaraq Azərbaycanda ənənəvi musiqiyə, muğama xüsusi diqqətin olduğunu düşünür.
- Siz ölkəmizdə caz ifaçısı kimi tanınmısınız, amma Şərq musiqisinə də marağınız böyükdür. Muğamları nə vaxtdən öyrənməyə başlamısınız?
- Amerikada yaşadığım illərdə həmişə Şərq musiqisini dinləmişəm, çünki atam iraqlıdır. 2000-ci ildən isə İraq muğamlarının tədqiqinə qoşuldum. Atam Bağdaddan olduğuna görə elə o şəhərdə bir müddət mütəxəssislərdən dərs aldım. Anam isə amerikalıdır. Muğamı öyrənməkdə məqsədim onu cazla sintez edib Amerikada təqdim etmək idi. On ildir muğamın incəliklərini araşdırıram. Əvvəl Şərq aləti sənturda çalmağı öyrəndim. İndi xanəndəlik sənətinə yiyələnirəm. Sənturla əvvəlcə Bağdadda, sonra ustadımın yaşadığı məkanda - Hollandiyada məşğul oldum. İraqda səntur ifaçısı çox azdır.
- Səntura Bağdadda yiyələndiniz, Azərbaycanda nədən dərs aldınız?
- Burada muğam ifasına yiyələndim, mən xanəndə deyiləm. Sizin muğamı özümə yaxın bildim, çünki İraq, İran və Azərbaycan muğamları bir-birinə çox bənzəyir. İlk müəllimim Azərbaycan Milli Konservatoriyasının pedaqoqu Ağaxan Abdullayev oldu, ondan cəmi beş dərs aldım, xanəndənin qastrol səfərləri bizim əlavə dərslərə imkan vermədi, çox heyf.. Sonra Qəzənfər Abbasov mənə iki ay muğam sənətini anlatdı. Azərbaycanda “Rast”ı tam, “Humayun” və “Mahur” muğamlarını isə qismən öyrənə bildim.
- Məşhur qaval ifaçısı Mahmud Salahla, deyəsən, ansamblda çıxış etdiniz…
- Mahmud müəllimlə işləmək maraqlıydı, çünki o həmişə axtarışdadır. O koron və sent tonlarının milli musiqidə dəqiq yerini bilir. Hətta onun ansamblı ilə birlikdə “Şur” ladı daxilində bir kompozisiyanı studiyada yazdırdıq. Maraqlı alındı, ifa mənim üçün elə də asan deyildi. Məhz söylədiyim sent tonları çətinlik yaradırdı. Bir yenilik olduğundan bu səsləri eşitmək mənə qəribə gəlirdi, amma çox razı qaldım.
- Azərbaycanda muğama münasibətlə İraqda muğama münasibət arasında nə fərq var?
- Azərbaycanda ənənəvi musiqiyə, muğama xüsusu diqqət verilir. İraqda isə insanlar muğama bu dərəcədə qulaq asmırlar. Köhnə olduğuna görəmi, yoxsa ölkədə vəziyyət çətindir, dəqiq bilmirəm, amma bu belədir.
- Amerikada Azərbaycan musiqisinin tədris olunduğu təhsil ocağı varmı?
- Kamança ustası Munis Şərifov 4 il öncə bizim İndiana Universitetində ustad dərsləri verib. Bu tədris ocağını skripka üzrə bitirən bacım ABŞ-da ondan dərs alıb, çünki kamançaya bənzər İraq musiqi aləti – cozeni mükəmməl bilir.
- Amerikada dərs deməyi planlaşdırırsınızmı?
- Yox, Amerikada pianoçu dostumla birgə truba və sənturda caz konsertləri verməyi planlaşdırıram. Nyu-York, Çikaqo, Kaliforniyada öz caz qrupumla çıxış edəcəm.
- Bir qədər caz qrupunuzdan danışın…
- Qrupda baraban, saksafon, kontrabas, mənim ifamda səntur və ya truba, Fələstin-Livanda geniş yayılmış buzuk alətlərindən istifadə edilir. Adətən mənim kompozisiyalarımı ifa edirik.
- İraqda, deyəsən, 42 muğam var…
- Çoxdur, bəlkə də 60 muğam növü olar. Azərbaycandan fərqli olaraq İraq muğamının həcmi çox kiçikdir, sonda mahnı ilə tamamlanır.
- İraq muğamlarında Azərbaycanın muğam rənglərinə bənzəyən səmailər ifa edilirmi?
- Əsil İraq muğamında səmai yoxdur. İraq muğamlarına səmailər Türkiyənin təsiri ilə daxil olub.
- Sizin Azərbaycanda öyrəndiyiniz “Rast” muğamı İraqda varmı?
- Bizdə iki səmtdən gələn eyni adlı muğam – “Rast-türkü” və “Rast-hindi” icra edilir. Bu da muğamın qədim olması ilə əlaqəlidir.
- Muğamı əruzsuz təsəvvür etmək olmur. Bizdə əruzun 12 bəhri, yəni ölçüsü var. Bəs İraqda necə?
- Ərəb ədəbiyyatında 16 bəhr var.
- İraq bölgələrində ciddi dialekt fərqinin olduğunu bilirik. Musiqidə vəziyyət necədir?
- Bizdə yalnız üç muğam məktəbi var: Bağdad, Kərkük, Mosul məktəbləri. Bir az seçilən muğam Bəsrədə də var. Bir şəhərdə yaranan muğamlar digərlərindən fərqlənir. Mosulda 70 muğam var, yolu tamam fərqlidir. Kərkük muğamı Azərbaycan muğamına daha yaxındır, dilinə və zil oxunuşuna görə. Orada axı Azərbaycana qardaş türkmənlər yaşayır. Bağdadda əvvəl zil oxuyardılar, indi bəmdən oxuyurlar. Şəubi İbrahim adlı muğam ifaçısı var Bağdadda, çox məşhurdur. Diskləri əl-əl gəzir.
- Avropa not sistemi soldan sağa, ərəb əlifbasında yazılan qəzəllər isə sağdan sola yazılır. Bu uyğunsuzluq həllini necə tapır?
- Bu çox çətin mövzudur. Bizdə notu və altından qəzəlləri soldan sağa yazırlar, amma Fələstində notlar sağdan sola yazılır.
- Konsertlər sizin qrupun normal fəaliyyətinə kifayət edəcək qədər gəlir gətirirmi?
- Bəli, ABŞ-da verdiyimiz hər konsertdən təqribən 3 min dollar gəlirimiz olur. Ayda 8-10 konsert veririk. Sizdə muğənni toylardan qazanır. Cazla Azərbaycanda pul qazanmaq muşkül məsələdir, amma mən hər həftə Bakıdakı Caz Mərkəzində çıxış edirdim. Burada daimi yaşasaydım, cazla dolana bilməzdim.
Kəmalə ƏSƏDULLAYEVA
musiqişünas,
xüsusi olaraq «Media forum» üçün
kamalaxanim@rambler
![]() |
|
|
![]() |
|
|
![]() |
![]() |












.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)






















