|
Cəbrayıl rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1993-cü ildən indiki “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində çalışır. Radionun "Ədəbiyyat və incəsənət" redaksiyasının redaktorudur. "Axşamınız xeyir", "Sözün sehri", "Sizin sorağınızda", "Elektron dərgilər" kimi verilişlərin müəllifidir. |
İçindən bir tel qırıldı... Əvvəlcə inana bilmədi. Qarşısındakı arıq qarayanız qıza baxdı... Nə olduğunu dərk etməyə çalışdı... Həqiqətdimi bu? Yoxsa hansısa çirkin bir oyun?! Düşüncəsindən ani keçən bu suallara elə ani də cavab axtarırdı... Özünü pis hiss etdi... Canına istilik gəldi, qulaqları uğuldamağa başladı. Üzü sanki od püskürəcək kimi qızardı... Birdən-birə bədəni bumbuz oldu... Yaxınlıqdakı kresloya çökdü... Ətraf gözlərinin önündəcə dumanlanmağa başladı... Elə dumanlı-dumanlı qızı bir də süzdü qan çəkmiş gözləriynən.
- Burda məni hamı tanıyır, gedək başqa yerdə danışarıq, - dedi.
Qız razılaşdı. Şirkətin iri qara giriş qapısından küçəyə çıxdılar. Hava yavaş-yavaş qaralırdı...Tanımadığı, üzünü cəmi-cümlətanı bircə dəfə gördüyü bu sısqa, qarayanız, dağınıq saçlı qızla nə qədər getdiyini bilmədi. Onunçün hər şey bitmişdi sanki. Nə deyəcəyini, nə danışacağını bilmirdi... Qarşılaşdıqları ilk “Lahmacun” kafesinə girdilər. Küçəyə baxan pəncərənin ağzındakı boş stolda əyləşdilər. Yaxınlaşan ofisianta iki qəhvə sifariş verdi. Ən qəribəsi o idi ki, bayaq dil qəfəsə qoymadan danışan qız da susmusdu. Ya deyəcəklərini demiş, ya da qadının halı qorxutmuşdu onu. Ürkək baxışlarnan altdan-altdan qadını süzürdü. Yazığımı gəlirdi, yoxsa istehzayla baxırdı, məlum deyildi... Sükutu qadın pozdu:
- Məni hardan tanıyırsan? Orda işlədiyimi hardan bilirsən?
- Bunu kim bilmir ki?
-Təzə tanış olanda da bilirdin?
-Hə.
-Lap yaxşı. Bəs indi məndən nə istəyirsən?
-...
- Mən bunu əslində nə vaxtsa eşidəcəyimi bilirdim. Amma belə tezliklə olacağı heç ağlıma da gəlməzdi. Qismət bu günəymiş. Onun həyatında kiminsə, bəlkə də kimlərinsə olduğunu həmişə hiss eləmişəm. Yadında qalsın, qadın ərinin ən kiçik yanlışını belə o dəqiqə hiss eləyir. Telefon zəngləri də olub, mesajlar da… Sadəcə, mən heç vaxt bunun sonuna getməmişəm. Bəlkə də getmək istəməmişəm... Özüm-özümü aldatmışam... Yanlış anladığımı düşünmüşəm. Ya da düşünməyə çalışmışam… Bilmirəm… Bəlkə özümü layiq olmadığım bir səviyyəyə ya endirmək istəməmişəm, ya səviyyəyə endirildiyimi, hansısa qadına dəyişildiyimi bilməkdən qorxmuşam. Beləcə həyatım keçib. Bəlkə belə də davam edəcəkdi. Əgər bu gün qarşıma çıxıb uşaq gözlədiyini deməsəydin. Məndən nə istədiyini, bu dəqiqə mənim yanımda niyə olduğunu bilmirəm. Amma…
Qadının sözünü qızın cib telefonunun səsi pozdu. Qız telefonu səssizə qoydu.
- Oydu? - deyə qadın soruşdu.
Titrədi səsi... Bu dəfə səsinə uzun illərin əzabı çökmüşdü. Yaşadığı illərin yorğunluğu, tənhalığıydı səsini titrədən. Bəlkə bu illər ərzində tək-tənha böyütdüyü övladlarının elə tək çəkib, həll etdiyi problemləriydi… Evdən işə, işdən evə qaçdığı 15 illik bir zaman kəsiyiydi… Bir dəfə sağlamlığını belə düşünmədən həyatını ailəsi yolunda şam kəmi əridən bir qadının itirdiyi illəriydi...
- Niyə cavab vermirsən? - deyə qadının səsi sükutu pozdu.
- Bilmirəm - eyni səslə də qız cavab verdi.
Qadın qarşısındakı telefona baxdı. Ərinin axırıncı dəfə ona nə vaxt zəng etdiyini xatırlamağa çalışdı. Dünən. Yox, onda da qadın zəng eləmişdi. Amma qızın telefonu hələ də səssizdə olsa da zəng çalırdı. Qadın köks ötürdü... Bütün elədiklərinə rəğmən ərinin gözündə qarşısındakı o qız qədər dəyəri olmadığını yəqin bilirdi. İllərlə ərindən gözlədiyi sevgini tapmamasının səbəbini indi anlayırdı. Ürəyi göynəməyə başladı. Bu göynərti illərin ürəyində yaratdığı boşluğun sızıltısıydı. Çantasından bir dərman çıxarıb dilinin altına qoydu. Telefon hələ də susmurdu. Nə dediyini xatırlamağa çalışdı...
- Münasibətləriniz çoxdan var?
- Hə. Beş ildi.
- Mən indi sənə nə kömək edə bilərəm? Mənnən istədiyin nədi? Məni tapmaqda yəqin nəsə məqsədin var?
- Bilmirəm... Sizin yanınıza məni çəkib gətirən nədi, onu da bilmirəm. Bir də onda baxdım ki, sizin iş yerinizdəyəm.
- Sənin hamilə olduğundan onun xəbəri var?
- Hə.
- Nə istəyir?
- Tezliklə rədd eləməyimi. Amma ...
- Sən istəmirsən?! Neçə yaşın var?
- 30.
- Birinci hamiləliyindi?
Verdiyi suala qadının özünün də gülməyi gəldi. Ərindən hamilə qalmış bir qızı ginekoloq kimi sorğu-suala tutmuşdu...
- Hə. Ona görə də istəyirəm bu uşaq qalsın. Mən onu sevirəm. Mən onsuz yaşaya bilmərəm... Bu uşaq məni həyata bağlayacaq yeganə qüvvədi... Sabah öz qardaş-bacılarıyla da tanış olarlar... Nə də olsa, bir atanın övladlarıdı...
Qızın həyasızlığına qadının matı-qutu qurumuşdu. Qarşısında sanki zaksı-kəbini olan bir qadın dayanmışdı... Açıq-aşkar ondan ərinin ikinci arvadı olmağa razılıq istəyirdi. Bu zatən vardı. Sadəcə, indi daha da rəsmiləşdirmək istəyirdi. Başının ağrısı getdikcə daha da güclənirdi...
- Bilirsiz nə var, bu sizin öz işinizdi. İstəyirsiz saxlayın, istəyirsiz rədd edin... Bu mənim çözəcəyim və ya qərar verə biləcəyim bir məsələ deyil... Beş il bir yerdə olanda məndən icazə almamışdınız ki?! İndi də nə halınız var görün. Bu qədər bəs edər... Düzünə qalsa, səninlə bu söhbəti etməyim belə mənimçün utancaqlıqdan başqa bir şey deyil... Bir də məni narahat etmə...
Ofisiantın bayaqdan gətirdiyi hesab dəftərinə pulu qoyub, qadın ayağa qalxdı, cib telefonunu, çantasını götürüb kafedən çıxdı. Hava tamam qaralmışdı. Yolu keçib dayanacağa yaxınlaşdı. Gedər-gəlməz yola çıxanlar kimi ilk gələn avtobusa mindi. Evdə onu övladları gözləyirdi. Həyatında ilk dəfə onları belə unutmuşdu. Qadın qüruru, qadın hissləri, nəhayət ki, analıq duyğularını üstələmişdi. Aldanmış, təhqir olunmuş bir qadın idi artıq. Heç bir qadın bundan sığortalanmayıb. Amma bunu bilib yaşayanların sırasındaydı o da. Hər şey bitmişdi onunçün, nə edəcəyini bilmirdi...
Qapını 15 yaşlı qızı açdı. Təəccüb dolu, narahat nəzərləriylə birnəfəsə sualları yağdırırdı.
- Hardaydın? Niyə gec gəldin? Telefonu niyə söndürmüsən? Atam da evdədi.
“Hə? Nə əcəb belə tez?” - ürəyində düşündü.
- Qardaşını dərsdən sən gətirdin? - deyə qızından soruşdu.
-Hə. Yemək yeyirsənsə qızdırım.
- Yox, ac deyiləm. Başım ağrıyır, dərman içib uzanacam...
Yataq otağına tərəf getdi. Ərinin xorultusu dəhlizə qədər gəlirdi. Səsi başına necə düşmüşdüsə telefonunun səsini eşitmirdi. Yəqin ki, bayaqkı qız idi zəng edən. Telefona tərəf əyildi... Ekranda Sevda yazılmışdı... Deməli, qızın adı Sevdaymış. Bəlkə də o deyildi... Qadın indi xatırladı ki, ondan heç adını da soruşmadı. Amma nə fərq edərdi ki? Yatağa uzandı... Çarpayıyla üzbəüz paltar dolabının yuxarısından asılan toy şəkli ona boylanırdı. Xoşbəxt gününün ən xoş xatirəsi kimi bu şəkil toy gününün səhərindən tutmuşdu bu yerini... Deyirlər bütün gəlinlər gözəl olur. O da gözəl və çox gənc idi, cəmi 23 yaşındaydı. Ağ uzun gəlinlik ona çox yaraşırdı. Yanında qara bəylik kostyumundakı əri də çox gənc və xoşbəxt görünürdü. ”Görən elə görünür, yoxsa, həqiqətən xoşbəxt idi?” - qadın ürəyində düşündü... ”Bəlkə də əksinə... Bir də axı bunun nə mənası var. İndi ki, onunla xoşbəxt deyil. Xoşbəxt olsaydı, sevgisini başqalarında niyə axtarırdı? Yəqin sadəcə, mən onun zövqündə olan qadın deyiləm... Niyə axı? Hər halda heç kim ona çirkin deyə bilməz. Yaşından çox gənc görünür, ən son dəblə ayaqlaşmağa çalışır. Zövqlü və özünəməxsus karyerası olan bir qadındı. İki gül kimi övladı da var. Bəs ərinə nə lazımdı? Başqalarının sevgisi? Niyə, nəyə görə? Suallar çox, cavablarsa müşkülə dönmüşdü elə bil. Bu müşkülə dönən suallarsa sanki qəlbindən daş olub asılırdı... Ürəyinin göynərtisi bütün kürəyinə yayılmışdı... Sol qoluna elə bil qan işləmirdi, barmaqları keyiyirdi... Oğlu içəri girdi...
- Ana, məsələnin planını gör düz qururam? - deyə əlindəki riyaziyyat kitabını anasının qənşərində tutub uca səslə məsələni oxumağa başladı.
- Bakıdan saat 16-da göyə qalxan təyyarə 3 saat 15 dəqiqə sonra Sank-Peterburqa endi. Təyyarə saat neçədə yerə endi?... Planı belə olacaq?...
Qadın daha heç nə eşitmirdi... Qulaqları uğuldayırdı... Ürəyinin döyüntüsünü sanki köksündəcə hiss eləyirdi... Yavaş-yavaş gözlərinə qaranlıq çökürdü...
- Düzdü, ana? Düz qururam?... - dumanlı şəkildə ciyərparasının səsini eşitdi... Son gücünü toplayıb:
- Hə, düzdü, oğlum, get yaz... - deyə bildi.
Oğlu anasının əhvalından xəbərsiz otaqdan çıxdı... Ürəyindən başlayan göynərti qarışıq sızıltı ayaqlarınacan yayılmışdı... Barmaqlarından başlayan keyimə sol qolunu tamamilə heydən salırdı... Başındakı dumanlı uğultunun içindən hələ də yatan ərinin xorultusunu eşidirdi... Qulaqlarına bayaqkı qızın səsi gəlirdi: ”Mən sizin ərinizdən hamiləyəm... Mən hamiləyəm... Əriniz məni sevir... Biz 5 ildi birlikdəyik... Mən onsuz yaşaya bilmirəm... Daha dözə bilmirəm... Bu uşağı o evli olduğu üçün tələf edə bilmərəm... Mən onu sevirəm...” Yataqdan qalxmağa çalışdı, bədənini bürüyən ağrıdan güclə qalxıb yatağın kənarındaca oturdu. Heç nə anlaya bilmirdi... ”Noolmuşdu görən? Bu nə ağrıdı?” - deyə düşündü qadın... Ərinə baxdı, hələ də yatırdı... Yavaşca sağ əliylə onu tərpətdi... Əri yerində eşələnib, nəhayət ki, ayıldı... Əvvəlcə nə olduğunu anlamağa çalışdı... Sonra bərəlmiş gözləriylə arvadına baxıb:
- Sənə noolub? Niyə belə qızarmısan? - dedi.
- Heç, elə-belə... (Birdən-birə mətləbə keçdi qadın. Sanki sözünü sona yetirə bilməyəcəyindən qorxurdu.)
Sevgilin səndən hamiləymiş... Deyəsən başına şahlıq quşu qonub, bu yaşda təzədən ata olursan, hə? Yoxsa yenə hər şeyi inkar edəcəksən?
- Nə sayaqlayırsan, başına at təpib?
- Mən sayaqlamıram... (Ürəyinin ağrısı getdikcə daha da güclənirdi.) Sevgilin bu gün mənim iş yerimə gəlmişdi... Bütün sevgi tarixcəsini danışdı mənə... Heyif sənə sərf etdiyim illərə... Sən mənə layiq deyilsən. Nə mənə, nə də övladlarına... Ezamiyyət adıyla o qadının evində eyş-işrətlə məşğul olurmuşsan, hə? Burda övladlarınla məni tək-tənha qoyub sevdiyin qadını ağuşuna alanda vicdanın sızlamırdı heç? (Taqəti yavaş-yavaş kəsilirdi.) Mənsə övladlarının xəyalında fədakar bir ata obrazı yaratmışdım... Sən demə, başqalarıyla eşq macərası yaşayan bir əxlaqsızsanmış... Əxlaqsız...
Qadın sözünü bitirə bilmədi... Başındakı uğultu getdikcə güclənirdi... Daha nə dediyini belə eşitmirdi... Gözlərinə qaranlıq çökdü... Müvazinətini saxlaya bilməyib üzüstə döşəməyə yıxıldı... Səsə övladları da gəldi. Yerdə analarının cansız bədəni uzanmışdı. Əri həyəcanla nəbzini yoxladı... Döyünmürdü, susmuşdu... Uşaqlar da özlərini itirmişdi. Qızı ağlaya-ağlaya təcili yardıma zəng vurdu... Oğlu anasının başını dizləri üstə alıb hönkürürdü.... Artıq gec idi... Qadın keçinmişdi... Övladlarını həyatda yalnız, tək-tənha buraxıb getmişdi...


































