Son günlər Bakıda, eləcə də ölkənin başqa bölgələrində xeyli dindarın həbs olunması barədə məlumatlar yayılıb. Həmin şəxslərin vəkillərinin açıqlamalarına görə, bəziləri Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), bəziləri 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), bəziləri isə 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunaraq həbs olunublar.
Həbslərin fevralın 10-dan başlandığı deyilsə də, ötən müddət ərzində Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri rəsmi açıqlama verməyib.
MTN-in ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev “Media forum” saytına açıqlamasında deyib ki, Azərbaycan Respublikasının milli maraqlarına və mənafelərinə və onun milli təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri, qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur: “MTN-in son günlər əməliyyat keçirib kimlərisə həbs etməsi haqqında ictimai əlaqələr mərkəzində heç bir məlumat yoxdur”.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Media forum” saytına açıqlamasında vurğulayıb ki, ölkədə kriminogen duruma tam nəzarət olunur: “Vətəndaşlarımızın təhlükəsizliyi və asayişi tam təmin olunur. Cinayətkarlığa qarşı uğurlu addımlar atılır. Amma nazirliyin mətbuat xidmətində son həbslərlə bağlı hər hansı məlumat yoxdur”.
“Media forum” saytı qeyri-rəsmi məlumatlara əsaslanaraq fevral ayında həbs olunan dindarların tam dəqiq olmayan siyahısını təqdim edir:
1. Mehdi Məmmədov. “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham edilir.
2. Elburus İbadov. Bakının “Papanin” adı ilə tanınan məhəlləsinin sakini. Onu fevralın 16-da Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Fevralın 20-də Bakı İstintaq Təcridxanasına köçürülüb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb.
3. İlqar Əliyev. Cəlilabad rayon ruhanisi. Ötən həftə cümə namazından sonra Cəlilabad polisi və Milli Təhlükəsizlik Nazirliyi Cəlilabad şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb. Hələ də polisdə saxlandığı deyilir.
4. Hacı İlham Əliyev. Bakının Binə qəsəbəsində yaşayan ruhani. Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ittiham olunur.
5. Zöhrab Quliyev. Sumqayıt şəhər sakini. 30 yaşı var. Onun üzərindən “Naqan” tipli tapança və 7 ədəd güllə aşkar edilərək götürülüb. Zöhrab Quliyevin yaşadığı evə baxış keçirən əməliyyatçılar qumbara və müxtəlif çaplı güllələr aşkar ediblər.
6. Asəf Əliyev. Gəncə ruhanisi. Onu Dövlət Yol Polisinin əməkdaşları saxlayıb. Gəncədəki Nizami Rayon Polis Şöbəsinə aparılıb. Ruhani xuliqanlıqda ittiham olunur.
7. İlham Ələkbərov. Azərbaycan İslam Partiyasının Gəncə Rayon komitəsinin sədri Yusif Ələkbərovun qardaşıdır. Axtarışdadır və onun barəsində də cinayət işi açılıb.
8. Seymur Zeynalov. Yasamal rayonunda yaşayan dindar. Üzərindən 6 ədəd patronu olan 7,65 mm kalibrli tapança aşkarlandığı deyilir.
9. Hacı Əliyev. Onu Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinin əməkdaşları saxlayıb. Üzərindən 3 ədəd patronu olan “Makarov” tipli tapança götürüldüyü deyilir.
10. Rəsulov Taleh Əliyusif oğlu. 1977-ci ildə doğulub. Ailəlidir, iki övladı var.
11. Ələkbərov Həmidağa Tofiq oğlu. 1975-ci ildə doğulub. Ailəlidir, beş övladı var. 2011-ci ilin sonlarında həbs olunan Kərbəlayi İmranın kiçik qardaşıdır. Hər iki qardaş Qarabağ müharibəsi veteranıdır.
12. Qasımov Rahim Museyib oğlu. 1971-ci ildə doğulub. Ailəlidir, iki övladı var.
13. Tağıyev Elman Ramiz oğlu. 1978-ci ildə doğulub. Ailəlidir, iki övladı var.
14. Zəkiyev Məhəmmədtağı Əlikram oğlu. 1963-cü ildə doğulub. Ailəlidir, dörd övladı var. Bu yaxınlarda İranda ürəyindən əməliyyat olunub.
15. Zəkiyev Əbülfəz Əlikram oğlu. 1971-ci ildə doğulub. Ailəlidir, üç övladı var.
16. Əli. Nardaran qəsəbə sakininin hazırda axtarışda olan, İranda gizlənən, Azərbaycanda ictimai xadimin həyatına terror hazırlamaqda ittiham edilən Balaqardaş Dadaşovun bacısı oğlu.
17. Kərimov Niyazi Əlövsət oğlu. 1961-ci ildə doğulub. Ailəlidir, iki övladı var. Qarabağ müharibəsinin iştirakçısıdır. Niyazi Kərimov müharibədə başından aldığı xəsarətə görə Maştağa qəsəbəsindəki ruhi-əsəb dispanserində müalicə olunurmuş. Onu dispanserdən tutub aparıblar.
18. Bünyadov Əbülfəz Heybət oğlu. Ailəlidir, bir azyaşlı əlil övladı var. “İslam həqiqətləri” qəzetinin baş redaktorudur. Qəsəbədə aptekdə həbs olunub. Əbülfəz Bünyadov həm də aptekdə çalışırmış.
19. Anar Bayramlı. İranın “Səhər” telekanalının Azərbaycan nümayəndəliyinin müxbiri. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur.
20. Ramil Dadaşov. İranın “Səhər” telekanalının Azərbaycandakı nümayəndəliyinin sürücüsü. Sumqayıtda saxlanılıb. Həbsin səbəbi bilinmir.
21. Ceyhun Həbibov. “Sədərək” Ticarət Mərkəzində işlədiyi məkandan mülki geyimlilər tərəfindən aparılıb. Haqqında məlumat yoxdur.
22. Məmmədov Şahin. “Sədərək” Ticarət Mərkəzində işləyir. İş yerindən aparılıb. Ailəlidir. 2 övladı var.
23. Hacı Səxavət Əliyev. Bülbülə qəsəbəsindəki “Ağabalabəy” cümə məscidinin axundu. Onu fevralın 21-də həbs ediblər. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqda) ittiham olunur.


