2010-03-01 - 17:35
Viktor Yanukoviç

Ukraynanın yeni prezidenti Viktor Yanukoviçin ilk xarici səfəri hara edəcəyi müzakirə mövzusu idi. Yanukoviç Avropa Birliyinin paytaxtı Brüsseli seçdi.
Martın 1-də Brüsselə səfər edən prezident çıxışlarında xarici siyasətdə atacağı addımlardan danışıb. O, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə birgə keçirdiyi mətbuat konfransında Ukraynanın Avropaya inteqrasiyasını xarici siyasətinin prioritet sahəsi təşkil edəcəyini vurğulayıb. Ukrayna lideri 2010-cu ilin sonuna qədər Avropa Birliyinə assosiativ üzvlük haqqında anlaşma imzalanacağına inamını dilə gətirib. Yanukoviç bu anlaşmanın Ukrayna ilə Avropa Birliyi arasında siyasi, iqtisadi-ticarət və sosial sahədəki əlaqələri daha da möhkəmləndirəcəyini deyib.
Prezident NATO ilə əməkdaşlığın da hazırkı səviyyəsini qoruyacağını və danışıqlar əsasında qarşılıqlı addımlar atacaqlarını bildirib. Ancaq o, ölkəsinin bloklardankənar statusunu qoruyacağını əlavə edib.

