2010-03-01 - 20:33

Mərhum jurnalist Elmar Hüseynovun Norveçdə yaşayan xanımı Ruşaniyə Hüseynova Azərbaycan hökumətinin ərinin qətlinin üstünü açmadığını iddia edərək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Müraciəti hazırlamaqda ona Norveç Helsinki Komitəsi kömək göstərib. “Turan”a müsahibəsində Ruşaniyə Hüseynova onu Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətə vadar edən səbəblərdən danışıb.
- Nədən Strasburq məhkəməsinə müraciət etdiniz?
- Elmarın qətlə yetirilməsindən 5 il keçib, amma cinayətin üstü açılmayıb. Azərbaycan və dünya ictimaiyyəti işin istintaqı barədə məlumatlandırılmır. Bütün bunlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətə əsas verdi.
- Azərbaycan hökumətindən nə tələb edirsiniz?
- Məhkəmədən xahiş edirəm ki, Elmarın qətli ilə bağlı işdə Avropa İnsan Haqları Konvensiyasının 2, 10 və 13-cü maddələrinin pozulduğunu təsdiqləsin. 2-ci maddə həyat hüququnun, 10-cu maddə ifadə və fikir azadlığının pozulmasını, 13-cü maddə səmərəli məhkəmə müdafiəsi hüququnu nəzərdə tutur.
- Məhkəmə iddiası niyə belə gec hazırlandı?
- Mən 2007-ci ilin yanvarında Azərbaycandan mühacirət edən kimi iddia hazırladıq. İşin gedişində həlli gözlənilən bir sıra məsələlər vardı. Bütün bunlar müəyyən vaxt tələb edirdi. O cümlədən sənədlərin Azərbaycana göndərilməsi, ordan sənədlərin alınması... Burda sənədlər hazırladıq, Gürcüstandan, Avropa ölkələrindən sənədlər yığdıq.
- Prezident İlham Əliyev vəd verib ki, qatillər tapılıb cəzalandırılacaq. Bunun baş verəcəyinə inanırsınızmı?
- İndi vəziyyəti proqnozlaşdırmaq çətindir. Prezident deyibsə, bu işə ciddi yanaşmaq lazımdır. Təkcə onu deyə bilərəm ki... Bunu Konfutsinin sözləri ilə ifadə edirəm: “Qədim zamanlarda insanlar çox danışmağı sevmirdilər. Onlar sözlərinə əməl etməməyi rüsvayçılıq sayırdılar”. Konfutsidən artıq nə deyə bilərəm?
- Bir çox icraçı və sifarişçilərin adı çəkilir. Məsələn, hakimiyyət Gürcüstan vətəndaşı olan iki azərbaycanlının adını çəkib. Ömürlük məhkum edilmiş polis zabiti Hacı Məmmədov isə məhkəmədə deyib ki, Elmarın qətli onun işidir. Bundan başqa, o, cinayətin sifarişçisi kimi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin adını çəkib. İlkin mərhələdə Türkiyə xüsusi xidmət orqanları bildiriblər ki, sifarişçi və qatillərin adlarını müəyyən edərək Azərbaycan hakimiyyətinə veriblər. Sizcə, həqiqət hardadır?
- Hacı Məmmədovun sözlərinə inanmaq və ya inanmamaq üçün əsasım yoxdur. Onun dəstəsinin Elmarın ölümündə iştirakını sübut etmək Azərbaycanın hüquq mühafizə orqanlarının işidir. Eyni zamanda, Türkiyə xüsusi xidmət orqanlarının bəyanatı mənə çox şey deyir. Onlar birmənalı şəkildə eyham vurdular ki, Elmarın qətli Hacı Məmmədovun dəstəsinin işidir… Mən anlamıram, nədən biz təxminlərə varmalıyıq? Hacı Məmmədovun qətlin sifarişçisinin Fərhad Əliyev olması barədə bəyanatından 4 il ötür. 4 ildir Azərbaycan ictimaiyyəti, bir sıra ölkələrin hüquq müdafiə təşkilatları fal açır ki, Elmarın ölümünü Fərhad Əliyev sifariş verib, ya yox. Yəni ölkəmizdə müvafiq orqanlar və məhkəmə var, amma faktiki olaraq onlar fəaliyyət göstərmirlər. Onlar bizə əsaslı cavab verməlidirlər. Təbii ki, bütün mümkün variantlar araşdırılmalıdır, çünki hər şey ola bilər. Amma günahsızlıq prezumpsiyası prinsipi də var. Hələlik bu və ya digər şəxsin iştirakı sübuta yetirilməyib və biz konkret heç nə deyə bilmərik.
- Siz Norveçə mühacirət edəndən sonra Azərbaycan hökuməti hansısa yardım təklif etdimi? Məsələn, maddi və ya mənəvi yardım?
- Əlbəttə, yox.
- Məhkəmədən nə gözləyirsiniz?
- Obyektiv qərar. Bilirəm ki, bunun üçün müəyyən zaman lazımdır. Amma müsbət nəticəyə ümid edirəm. Mən və mənə bu işdə yardım göstərənlər – Norveç Helsinki Komitəsi və bizim vəkil məhkəmədən xahiş etdik ki, bu işə tez baxsınlar.

