Avropa qonsulugu ENPI
Arxiv
Xəbərlər
YUNANISTAN-ALMANİYA MÜNASİBƏTLƏRİ GƏRGİNLƏŞİB
2010-03-01 - 12:53

print

Georgius Papandreu


Yunanıstan iqtisadiyyatında böhran davam edir. Avropa Birliyi Yunanıstana dəstək vəd etsə də, bu istiqamətdə fəaliyyət görünmür.

Avropa Birliyinin və Almaniyanın ən böyük bankları olan “Postbank” və “Deutsche Bank” Yunanıstanın mart ayında dövriyyəyə buraxmağı planlaşdırdığı qiymətli kağızları almayacaqlarını bəyan edib. Məsələ burasındadır ki, Afina aprel və may aylarında borclardan yığılan faizlər üzrə 20 milyard avro ödəməlidir. Yunanıstan bu borcu vaxtında ödəməsə, investorların inamını itirəcək və iqtisadiyyatı daha bərbad vəziyyətə düşəcək.

“Media forum” saytının məlumatına görə, Yunanıstanın baş naziri Georgius Papandreu parlamentdə çıxışı zamanı deyib: “Heç kim Yunanıstanın borcunu ödəməyəcək. Bunu biz etməliyik, bataqlıqdan özümüz çıxmalıyıq. Bu həm də ona görə vacibdir ki, problemlərimizi özümüzün həll etmək iqtidarında olduğumuzu dünyaya göstərə bilək”.

Yunanıstan son günlərə qədər ən böyük dəstəyi Almaniyadan gözləsə də, Berlin Afinanı məyus edib. Almaniyada siyasi dairələr və ictimai rəy Yunanıstana maliyyə dəstəyi göstərilməsinin əleyhinədir. Almaniyanın “Focus” dərgisi 22 fevral sayında Yunanıstanın qədim tarixi abidəsi olan Afroditanın təhqiramiz fotomontajını manşetdə verdikdən sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib. Dərgidəki yazıda Yunanıstanın illərlə Avropa Birliyini aldatdığı, maliyyə durumu haqqında Brüsselə yanlış məlumatlar göndərdiyi bildirilib.

Bunun qarşılığında da bir başqa yunan dərgisi İkinci Dünya müharibəsi zamanı faşist Almaniyasının Yunanıstanı xarabazara çevirdiyinə və yüz minlərlə insanı qətlə yetirdiyinə görə təzminat ödəməsi mövzusunu gündəmə gətirib. Yunanıstanın “İnka” adlı həmkarlar təşkilatı isə alman mallarını boykot etməyə çağırıb.

İki ölkə arasında münasibətlərin gərginləşdiyi vaxtda iqtisadi ekspertlər həyəcan təbili çalırlar. Onlar Yunanıstanın müflisləşəcəyi halda, bu ölkənin ardınca İspaniya, İtaliya, İrlandiya və Portuqaliyanın çökəcəyini ehtimal edirlər.



"Media forum"