2010-03-03 - 18:26
Azərbaycanda səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq martın 3-də Naxçıvanda görüşlər keçirib.
“Media forum” saytının məlumatına görə, komissar ilk olaraq Naxçıvanın hüquq müdafiəçiləri ilə görüşüb, Demokratiya və Qeyri-Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzinin, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşları ilə söhbətləşib. Bu görüş iki saata yaxın davam edib. Naxçıvanda insan hüquqları və söz azadlığı sahəsindəki vəziyyət, Demokratiya və Qeyri-Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzinə qarşı təzyiqlər, vergi yoxlamaları məsələləri müzakirə olunub.
Mərkəzin rəhbəri Məlahət Nəsibova “Media forum” saytına deyib ki, T.Hammerberq Naxçıvandakı vəziyyət barədə məlumatlıdır. Çünki Demokratiya və Qeyri-Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzinin rəhbərliyi AŞPA-ının qış sessiyası çərçivəsində Strasburqda olub və T.Hammerberqlə görüşüb: “Biz Naxçıvandakı müzakirələri həmin görüşün davamı kimi qiymətləndiririk. Biz onu maraqlandıran suallara cavab verdik. Tomas Hammerberq dedi ki, Resurs Mərkəzinin problemlərini Ali Məclisin sədri Vasif Talıbovun nəzərinə çatdıracaq. Eyni zamanda, Naxçıvandakı vəziyyətlə bağlı Azərbaycan rəsmiləri ilə müzakirələr aparacaq”.
M.Nəsibova bildirib ki, komissarla görüşdə onun Bənəniyara səfəri geniş müzakirə edilib: “Tomas Hammerberq çalışırdı, Bənəniyara səfərini elə təşkil etsin ki, ordan qayıdandan sonra insanlar problemlərlə üzləşməsinlər. Tez-tez soruşurdu ki, Bənəniyar sakinləri ilə görüşsə, sonra onları incidərlərmi, başlarına hansı hadisələr gələr”.
Naxçıvanlı hüquq müdafiəçiləri AŞPA-da Azərbaycanla bağlı məsələlər müzakirə olunanda izləyici kimi orda iştirak etmək istədiklərini deyiblər. Komissar bu fikri dəstəkləyib.
T.Hammerberq Naxçıvan Ali Məclisinin sədri V.Talıbovla görüşüb, muxtar respublikanın Ombudsman Aparatında olub, Psixi Xəstəliklər Dispanserinə baş çəkib.
Komissar daha sonra Bənəniyar kəndinə gedib, kənd sakinləri, məscidin axundu ilə görüşüb.
Bununla da T.Hammerberq Naxçıvan ziyarətini başa çatdıraraq Bakıya qayıdıb.



