2010-03-03 - 08:48

“Avroviziya 2010” beynəlxalq mahnı yarışmasında Azərbaycanı Səfurə Əlizadə təmsil edəcək. Martın 2-də Bakının “Buta” sarayında 3 namizəd arasında keçirilən milli final konsertini 17 yaşlı müğənni qələbə ilə başa vurub.
AzərTAc-ın məlumatına görə, Səfurə Əlizadə Azərbaycanı təmsil etmək iddiasında olan digər iki namizəd – Məryəm Şabanova və “Milk&Kisses” qrupundan üstün olub. Təmsilçi İctimai Televiziya və Radio Verilişləri Şirkətinin baş direktoru İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı Fərhad Hacıyevin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə seçilib.
55-ci “Avroviziya” müsabiqəsi yarımfinalı mayın 25-i və 27-də, final mərhələsi isə 29-da olacaq. 39 ölkənin iştirak etdiyi müsabiqə Norveçin paytaxtı Osloda düzənlənəcək.

