Avropa qonsulugu ENPI
Arxiv
Xəbərlər
MORATİNOSUN BAKI GÖRÜŞLƏRİ. İSPANİYALI NAZİR MÜXALİFƏT LİDERLƏRİ İLƏ DƏ BİR ARAYA GƏLİB
2010-03-03 - 09:38

print

Migel Angel Moratinos


Avropa Birliyinə sədrlik edən İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinosun başçılıq etdiyi nümayəndə heyəti martın 2-si Bakıda görüşlər keçirib. Prezident İlham Əliyevlə görüşündə Moratinos Avropa Birliyinin xarici əlaqələrində Azərbaycanın prioritet məsələ olduğunu deyib. O, Azərbaycanla münasibətlərin ənənəvi ikitərəfli əlaqələrdən artıq olduğunu və strateji əhəmiyyət daşıdığını qeyd edib.

Dövlət başçısı İlham Əliyev ölkənin Avropa Birliyi ilə əməkdaşlığı bütün istiqamətlər üzrə konstruktiv və qarşılıqlı maraq əsasında daha sürətlə inkişaf etdirməyə hazır olduğunu bildirib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Qonağın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra keçirilən birgə mətbuat konfransında da Dağlıq Qarabağ münaqişəsindən söz açılıb. E.Məmmədyarov deyib ki, görüşdə münaqişənin yalnız beynəlxalq hüququn prinsipləri, xüsusilə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulanıb. Moratinos Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd edib. "Azadlıq" radiosunun məlumatına görə, nazir bildirib ki, Avropa Birliyi Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün zəruri tədbirləri görmək niyyətindədir: "Bu münaqişəni bəziləri dondurulmuş, uzadılmış adlandırır, biz bunu həlli tapılmış münaqişə kimi dəyərləndiririk.

Nümayəndə heyəti dünən müxalifət liderləri ilə də bir araya gəlib. Azərbaycan Liberal Partiyasının yaydığı məlumata görə, görüşdə bu partiyanın qurucusu Lalə Şövkət, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Azərbaycan Naminə İctimai Forumunun prezidenti Eldar Namazov iştirak edib. 2010-cu ilin parlament seçkisi, Avropa Birliyi-Azərbaycan münasibətləri və siyasi məhbuslar probleminin müzakirə mövzusu olduğu bildirilir.



"Media forum"