Avropa qonsulugu ENPI
Arxiv
Xəbərlər
HAMMERBERQ KİV NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB
2010-03-05 - 16:27

print

Tomas Hammerberq

Martın 5-də Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq Bakıda KİV nümayəndələri ilə görüşüb.

Avropa Şurasının Bakı ofisində keçirilən görüşdə “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev və APA-nın baş direktoru Vüsalə Mahirqızı iştirak ediblər.

T.Hammerberq Azərbaycanın rəsmiləri ilə görüşündə KİV-in problemləri və bu sahədəki vəziyyətə dair müzakirələr apardığını deyib. O, diffamasiya məsələsinə xüsusi diqqət yetirildiyini qeyd edib: “Rəsmilər bildiriblər ki, diffamasiya qanununun layihəsi artıq parlamentə təqdim edilib və bu il beynəlxalq qurumların istəyi nəzərə alınmaqla ona baxılacaq”.

Komissar qeyd edib ki, Avropa Şurası ölkələrində jurnalistlər yaradıcılığına görə azadlıqdan məhrum edilməməlidir: “Əlbəttə, bu o demək deyil ki, jurnalistlər qanun pozuntusuna görə məsuliyyət daşımamalıdırlar, amma cəza belə sərt olmamalıdır”.

Avropa Şurasının nümayəndəsi bildirib ki, rəsmilər Azərbaycan jurnalistlərinin peşəkarlıq səviyyəsinin aşağı olmasından şikayətlənirlər. Onların fikrincə, bir çox problemi məhz bu amil yaradır.

“Turan” agentliyinin məlumatına görə, görüş zamanı “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli, jurnalistlərə qarşı fiziki və mənəvi təzyiqlər, mətbuatın iqtisadi vəziyyəti, informasiya əldə etmək azadlığı, jurnalist etikası və peşəkarlıq məsələləri müzakirə olunub.

T.Hammerberqə media sahəsindəki vəziyyət haqqında məlumat verilib. Komissar hesabat və tövsiyələrinin, xüsusən mətbuat sahəsində məsləhətlərinin Azərbaycan hökumətinə təqdim ediləcəyini deyib.

Martın 4-də T.Hammerberq həbsdə olan baş redaktorlar Eynulla Fətullayev və Qənimət Zahidə baş çəkib.



"Media forum"