2010-03-12 - 17:40
![]() |
|
Səməd Seyidov |
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Parisdə keçirilən iclasında assambleyanın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətiin bərpa olunması müzakirə edilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Media forum” saytına açıqlamasında bildirib ki, artıq neçənci dəfədir büronun iclasında bu məsələ gündəmə gəlir: “Bu iclasda da belə oldu. Mən çıxış edərək Azərbaycanın mövqeyini çatdırdım. Bizim mövqeyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasının gündəmindən çıxmasın. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli vacib olduğuna görə AŞPA strukturlarında müzakirəsinə ehtiyac var. Sevindirici haldır ki, büro üzvləri Alt Komitənin fəaliyyətinin bərpa edilməsi məsələsini dəstəkləndi”.
S.Seyidov deyib ki, Ermənistan nümayəndə heyəti yenə də qeyri-konstruktiv mövqe tutub. Erməni heyətinin rəhbəri büronun iclasına qatılmayıb: “Bu, müxtəlif problemlər yaratmaq üçün atılan addımdır. Buna baxmayaraq, büronun qərarında qeyd olunub ki, Dağlıq Qarabağ məsələsi gündəmdən çıxmasın və AŞPA-ının aprel sessiyasında, büronun növbəti iclasında məsələ müzakirə edilsin, münaqişənin həlli məsələsi izlənsin. Büro üzvlərinin əksəriyyəti bildirdi ki, Alt Komitənin fəaliyyəti mütləq bərpa edilməlidir”.
Azərbaycan nümayəndə heyəti rəhbərinin sözlərinə görə, Alt Komitəyə sədrin seçilməsi məsələsində problem yaranıb və bu, komitənin fəaliyyətinə mane olur. Ona görə də sədr məsələsi həll olunanadək quruma cavabdehliyi AŞPA prezidenti həyata keçirəcək.
İclasda AŞPA-nın aprel ayının 26-30-da keçiriləcək yaz sessiyasının gündəliyinə baxılıb. S.Seyidovun sözlərinə görə, yaz sessiyasında Ermənistanın öhdəlikləri müzakirə olunacaq.


