2010-03-10 - 16:12
![]() |
|
Elxan |
Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının təşkilatçılığı ilə martın 9-da Bakıda “NATO: son 60 ildə sülh və demokratiya amili” mövzusunda beynəlxalq konfrans keçirildi. Maraqlı konfrans alındı. ABŞ, Türkiyə, Yunanıstan, Almaniya və Gürcüstandan təşrif buyuran qonaqlar çıxışlarında NATO-nun keçmişinə ekskurs etdilər, Şimali Atlantika Blokunun hazırki antiterror əməliyyatlarındakı fəaliyyətindən və gələcək planlarından danışdılar.
Ancaq bütün bu çıxışlarda bizim üçün önəmli olan NATO-nun genişlənməsi və qurumun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının konfiquriyası məsələlərinə aydınlıq gətirmək idi. Elə konfransın açılış nitqində Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər çox uzaqdan deyil, NATO-nun yaxın 20 illik fəaliyyətinə nəzər yetirməkdən başlamağı lazım bildi. O, NATO-nun GUAM ölkələri ilə hansı həddədək əməkdaşlıqda maraqlı olması sualına cavab tapmağın zəruriliyini vurğuladı.
Sülhəddin Əkbərin fikrincə, Rusiyanın Cənubi Qafqaz bölgəsinə təsirinin artdığı bir dövrdə bu prosesin qarşısını ala biləcək NATO sanki seyirçi mövqedə qalıb. Buna baxmayaraq, Sülhəddin Əkbər Azərbaycan hakimiyyətinin də NATO ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olmadığı amilinə diqqət çəkdi. O, rəsmi Bakının NATO ilə əməkdaşlığı intensiv dialoq səviyyəsinə çıxarmaq əvəzinə İPAP (Fərdi Tərəfdaşlıq Əməliyyat Planı) proqramına üstünlük verdiyini dedi, həmin proqramın müddəti isə artıq bitmək üzrədir. Sülhəddin Əkbər NATO ilə zəif əməkdaşlığın səbəbini Rusiya və İranın təzyiqləri, habelə Azərbaycan hakimiyyətinin demokratik dəyişikliklərdən ehtiyatlanması ilə əlaqələndirdi. Onun bu fikrinə konfliktoloq Elxan Mehdiyev də şərik çıxdı. Konfliktoloqun fikrincə, Azərbaycan hökuməti Avratlantik məkana inteqrasiyanı xarici siyasətin prioriteti elan etsə də, Rusiya və İranın təzyiqinə görə ləng hərəkət edir.
Fikrimcə, rəsmi Bakı NATO ilə əməkdaşlıqda Rusya və İran amilini heç zaman arxa plana atmasa da, görünür, yaxın qonşularının NATO təcrübəsini də mənimsəyib. Gürcüstan və Ukraynada “rəngli inqilablar” qalib gəldikdən sonra bu ölkələrdə, Qərbdə və elə Rusiyanın özündə bir rəy formalaşmışdı ki, Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü bir neçə ilə gerçəkləşəcək. Alınmadı. Moskva NATO-dakı əsas tərəfdaşları Almaniya və Fransanın əli ilə Vaşinqtonun istəyinin əleyhinə olaraq Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü əngəllədi.
Bununla Qərb Rusiyanın yaxın ətrafındakı hegemonluğunu qəbul etməklə Azərbaycan kimi gözləmə mövqeyində olan ölkələri Kremllə daha sıx əlaqələrə sürüklədi. Əlbəttə, bu o demək deyil ki, Gürcüstan və Ukrayna NATO-nun zirvə toplantısında üzvlüyə qəbul olunsaydılar, Azərbaycan GUAM-dakı tərəfdaşlarının ardınca hərəkət edəcəkdi. Ancaq bu iki dövlətin NATO-ya üzvlüyü heç olmazsa Azərbaycan üçün bir barometr rolunu oynayacaqdı. Çünki rəsmi Bakı Rusiya və İran amilini nə qədər önəmli saysa da, Azərbaycana təhlükənin məhz bu iki ölkədən gəldiyini heç zaman unutmur. Yəni Gürcüstan və Ukraynaya qapıların açılacağı təqdirdə NATO Azərbaycan üçün prioritet istiqamət sayıla bilərdi. Keçmiş dövlət müşaviri Vəfa Quluzadənin söylədiyi məlum bir tarixi fakt var. Vaxtilə mərhum dövlət başçısı Heydər Əliyevlə ABŞ-da səfərdə olan Vəfa Quluzadə prezidentin ABŞ hərbi bazalarının Azərbaycanda yerləşdirilməsini istədiyini söyləmişdi. Açığı, ABŞ hərbi bazalarını Azərbaycanda yerləşdirmək istəyi NATO-ya üzvlükdən də uzağa hədəflənmiş məqsəd idi.
Azərbaycan hakimiyyəti hazırda NATO-ya üzvlüyü qarşısına məqsəd qoymasa da, müdafiə sistemini bu qurumun standartlarına yaxınlaşdırcağına dair üzərinə öhdəlik götürüb. Bakıdakı konfransda çıxış edən ABŞ-ın NATO yanında siyasi müşaviri Cenifer Devis də Şimali Atlantika Blokunun Azərbaycanın müdafiə sektorunda islahatlar, silahlı qüvvələr üzərində vətəndaş nəzarətinin qurulması və hərbi doktrinanın işlənib hazırlanması üçün rəsmi Bakıya yardıma etməyə hər zaman hazır olduqlarını söylədi.
Konfransdan sonra hərbi mövzularda yazan jurnalist Cəsur Sümərinli ilə söhbətləşdik. Cəsur amerikalı müşarivin söylədiyi fikri sual formasında səsləndirdi: “Yaxşı tutaq ki, NATO-ya üzv olmaq istəmirik, ancaq axı ordumuzun inkişafı, müasir silahlarla təhcizatı, hərbçilərin təlimi və ərzaqla təminatı Qərb standartlarına uyğunlaşmaqdan asılıdır. Bəs bu necə olsun?”
Bu sualın cavabı çoxlarımızı düşündürür. Çünki Daşkəsəndəki hərbi hissədə baş verən son qanlı olay, “dedovşina” halları, hərbçilərin qidalanmasındakı qüsurlar ordumuzun NATO standartlarından hələ uzaq olduğunu göstərir.


