2010-03-11 - 18:15
Elxan

ŞAHİNOĞLU
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün çox maraqlı açıqlama verib. Nazirin sözlərindən belə başa düşülür ki, birincisi, Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantını qəbul edir, ikincisi, Fransa prezidenti Nikola Sarkozi də yeni variantı dəstəkləyir.
Elmar Məmmədyarovun açıqlamasından çıxan nəticə odur ki, Minsk qrupunun üzərində çalışdığı təkliflər paketi bu dəfə Azərbaycanın maraqlarına yaxındır, ona görə də Ermənistan genişlənmiş Madrid prinsiplərinə razılıq verməyə tələsmir. Halbuki əvvəl tərsinə idi. Ermənistan Madrid prinsiplərinin daha əvvəlki variantını qəbul edir, Azərbaycan isə müzakirələrin davamına ehtiyac duyurdu.
Görəsən həmsədrlər Madrid prinsiplərində hansı maddəni dəyişiblər və ya yeni nə əlavə ediblər ki, tarixən Ermənistanın müttəfiqi olan, bu yaxınlarda İrəvanla hərbi saziş imzalayan Fransa yeni varianta “hə” deyib?
Ermənistan prezidenti Serj Sərkisyanın martın 10-da Parisdə fransalı həmkarı Nikola Sarkozi ilə görüşündən bizlərdə elə bir təəssürat yaranmayıb ki, Fransa İrəvanın hələ müzakirəyə ehtiyac duyduğu sənədi ona qəbul etdirməyə çalışır. Əksinə, Sərkisyan Fransanı erməni xalqına yaxın dost və etibarlı müttəfiq saydığını bir daha vurğulayaraq “erməni soyqırımı” məsələsində tutduğu “prinsipial mövqeyinə görə” rəsmi Parisə təşəkkürünü bu ifadəylə çatdırıb: “Fransa hər vaxt Ermənistanın yanındadır”.
Elə Sarkozi də Ermənistan və ermənilərin ünvanına tərif yağdırmağı unutmayıb: “Fransa Ermənistana qəlbən ehtiram bəsləyir. Ölkəmizdəki erməni diasporu isə xalqlarımız və dövlətlərimiz arasında sarsılmaz körpüdür”.
Buna baxmayaraq, hər halda mətbəxdə nəsə bişir. Təsadüfi deyil ki, martın 9-da Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı da Parisə dəvət ediblər. Köçəryan keçmiş həmkarı Jak Şirakla bir araya gəlib. Fransa və Ermənistan mənbələri bu görüşdə nələrin müzakirə edildiyi haqda geniş açıqlama verməyiblər.
Görünür, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yenidən vasitəçilik estafetini ələ almağa çalışır. Bir müddət Rusiya fəallıq göstərdi, Kreml hətta uzun illərdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin ortaq sənədə imza atmasına nail oldu, dövlət başçısı Dmitri Medvedyev Serj Sərkisyan və İlham Əliyevlə aktiv dialoq qurdu. Digər həmsədr dövlət ABŞ-ın başı İraq və Əfqanıstana qarışdığından və Dağlıq Qarabağ Vaşinqtonun yadına düşmədiyindən indi fəallıq növbəsi Fransaya çatıb. Paris də üzərinə böyük yük götürərək Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Birliyi adından çıxış etməyə həvəslidir.
Azərbaycan hakimiyyəti Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığından hər zaman ehtiyatlanıb. Rəsmi Bakı vaxtilə Fransanın Minsk qrupu həmsədrliyinə də yaşıl işıq yandırmamışdı. Sadəcə, ATƏT-in o zamankı sədri özbaşına verdiyi qərarla Fransanı üçüncü həmsədr elan etmişdi. Bundan ruhlanan Fransa prezidenti Jak Şirak fəallıq göstərərək tarixə Paris prinsipləri kimi düşən həll planını Fransa paytaxtında Azərbaycan və Ermənistan prezidentlərinə təqdim etmişdi. Ancaq bu plan Azərbaycanın maraqlarına zidd olduğundan mərhum dövlət başçısı Heydər Əliyev həmin sənədi imzalamadı.
İndi Paris ikinci həmləsində uğur qazanacağına inanır. Fransanın bu həmləsini də ehtiyatla qarşılamaq məcburiyyətindəyik. Paris Ermənistanın maraqlarına uyğun olmayan heç bir həll planını İrəvana zorla qəbul etdirməz. Elmar Məmmədyarovun bugünkü açıqlamasıyla eyni saatlarda bir açıqlama da Fransadan gəlib. N.Sarkozi “İrəvan və Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh dinamikasını bərpa etmək üçün kompromisə gəlməlidir” deyib. Göründüyü kimi, bu açıqlamada ümidverici heç nə yoxdur, keçmişdə səslənən söz yığnağının təkrarıdır.
Avropa Birliyinə 2008-ci ildə sədrik edən Fransanın Cənubi Osetiya savaşına necə son verdiyini unutmamışıq. Doğrudur, Fransa prezidenti atəşkəsə nail oldu, rus tankları Tiflisə qədər yürüş etmədi, ancaq bu nəyin hesabına baş verdi? Rusiya beynəlxalq aləmin gözü qarşısında Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyaraq bu bölgələri faktiki özünə birləşdirdi, ordakı hərbi bazalarını rəsmiləşdirdi. Rəsmi Tiflis baş verənlərin anlaşmaya zidd olduğunu Sarkoziyə xatırlatdıqda isə Fransa prezidentinin cavabı lakonik olmuşdu: “Hələ sevinin ki, Gürcüstan bütövlükdə işğal olunmadı”.

