2010-03-04 - 14:22
Norveç hökuməti İran diplomatlarından birini ölkədən çıxarıb. Bu addım İranın Oslodakı keçmiş konsulu Məhəmmədrza Heydəriyə Norveçdə siyasi sığınacaq verildikdən sonra yaranmış qalmaqal fonunda atılıb. Bir müddət əvvəl Rəsmi Tehran Norveç diplomatlarından birinin Tehrandan çıxarılmasına qərar vermişdi.
“Media forum” saytının məlumatına görə, Norveçin Tehrandakı səfiri fevralın 26-da İran Xarici İşlər Nazirliyinə çağırılib. Ona sabiq İran konsuluna siyasi sığınacaq verildiyi üçün etiraz bildirilib və bir Norveç diplomatının ölkəni tərk etməsi tələb olunub.
İranın Oslodakı konsulu Məhəmmədrza Heydəri iki ay yarım əvvəl tutduğu vəzifədən siyasi rejimə müxalif mövqeyə keçdiyinə görə istefa verib. Norveç Xarici İşlər Nazirliyinin martın 3-də yaydığı bəyanatda İran konsuluna siyasi sığınacaq verilməsinin sığınacaq hüququ ilə bağlı beynəlxalq konvensiyalara əsaslandığı vurğulanır.

