Avropa qonsulugu ENPI
Arxiv
Hüquq
MÜBARİZ TAĞIYEV: “SƏFURƏNIN QƏLƏBƏSİNDƏ MƏNİM DƏ PAYIM VAR”
2010-03-03 - 19:47

print

“Avroviziya 2010” müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadənin yetişməsində iştirakı olan müğənni Mübariz Tağıyev “Media forum” saytının suallarını cavablandırıb.

- Mübariz müəllim, siz həm “Yeni Ulduz” müsabiqəsinin münsiflər heyətinin üzvüsünüz, həm də o müsabiqənin iştirakçılarının yetişdirilməsində yaxından iştirak edirsiniz. İstərdik ki, müəllimi olaraq Səfurənin imkanlarını ən əvvəl siz dəyərləndirəsiniz...

- Gənc olmasına baxmayaraq Səfurənin səs imkanları iki oktavaya yaxındır. Bu, yaxşı göstəricidir. Onun səhnə davranışı çox gözəldir, heç bir kompleksi yoxdur. Martın 2-də keçirilən final yarışının gedişatında da onun digər iştirakçılardan nisbətən üstün olduğu görünürdü. Yaxşı yaddaşı var, hətta gün ərzində üç mahnı əzbərləmək qabiliyyətinə malikdir. Dünənki çıxışına fikir verdinizsə, vokalı müşayiətsiz oxudu, lakin heç bir səs titrəyişi olmadı. Deyərdim ki, iştirakçıların üçü də finala layiqdir. Ancaq Səfurədə heç bir detonasiya, səs titrəyişi olmadı.

- Finala çıxan bu üç namizəddən sizin öz namizədiniz vardımı? Yoxsa əvvəldən Səfurəni dəstəkləyirdiniz?

- Sözün düzü, Məryəm də çox xoşuma gəlirdi. Müsabiqə elə bir şeydir ki, hazırlıq gedişatından da çox şey asılıdır. Müğənni özünü qorumalı, saxlamalıdır. Özündə daxili güc hiss eləməlidir. Səhnədəsənsə, həyəcan, filan hər şey bir kənarda qalmalıdır. Özünü daxilən güclü hiss eləməlisən və bunu Səfurə göstərə bildi. Dünənki çıxışların ən yaxşısı Səfurənin idi. Onu da gizlətmirəm ki, Səfurənin qələbəsində mənim də payım var və buna görə çox şadam.

- Səfurənin oxuduğu mahnılardan biri “Avrovizya 2010”da ifa olunacaq. Mahnıların səviyyəsinə münasibətiniz necədir?

- Mahnılar haqda o qədər də razılıqla danışmayacam. Razı deyiləm ki, Azərbaycandan Avropaya gedən müğənni özü ilə bu səpkidə mahnı aparsın. Hərdən elə fikirləşirlər ki, dilimizdə səslənən sözlə konservatorluq edirik, özümüzü geridə qalmış kimi göstəririk, amma belə deyil. Sadəcə, Azərbaycanın adı olduğundan öz musiqi ladlarımızdan istifadə edilməlidir. Demirəm ki, nəyisə göstərmək məqsədilə iki ağız müğam ifa edilsin. Qəti bunun əleyhinəyəm. Tofiq Quliyevin, Emin Sabitoğlunun, Rauf Hacıyevin bəstələrinin hamısı Azərbaycan ladında yazılıb. Müsabiqəyə göndərilən musiqilərimiz də Azərbaycan ladında olmalıdır. Təəssüf ki, bunu duymuram. Bax, bu məni narahat edir. Sadəcə, avropalılara xoş gəlsin deyə biz xarici dildə, bizə yad olan ladda mahnı oxumamalıyıq. Bu mənim şəxsi fikrimdir.

- Yəni ifa olunan mahnıların səviyyəsindən razı deyilsiz?

- Bəli, onu demək istəyirəm ki, təqdim olunan mahnılarda azərbaycançılıq yoxdur. Dünya üzrə ladın genişliyinə görə Azərbaycan musiqilərinə yaxın lad görmürəm. Azdan-çoxdan ölkələri gəzmişəm, görmüşəm. Bir vaxtlar hind musiqi ladının daha zəngin olduğunu deyirdilər. Rəşid Behbudovla dəfələrlə Hindistanda olmuşuq. Həmin səfərlər zamanı isbat olundu ki, Azərbaycan musiqisinin, muğamlarının imkanları qat-qat yüksəkdir, daha zəngindir. Əfsuslar olsun ki, bundan layiqincə istifadə edə bilmirik. Azərbaycan klassık musiqisi də, estradası da milli ladlarımızda olmalıdır.

- Keçən il müsabiqədə Azərbaycanı Aysellə bərabər Araş təmsil elədi. Ondan əvvəlki təmsilçimiz də cütlük idi. Sizcə, bu il Səfurə səhnədə tək olacaq, yoxsa yenə də kiminləsə sənhə bölüşüləcək?

- Zənnimcə, Səfurə tək olmayacaq. Yəqin ki, bek-vokallar, rəqqasələr olacaq. Keçən il Araşın Ayselin yanında olması səbəbsiz deyildi. Araşın səhnədə olmasının səbəbi o idi ki, o, Avropada kifayət qədər tanınırdı. İstəməzdim ki, hansısa ehtiyacdan iştirakçı müğənninin yanında kimsə olsun. Eybi yox, qoy son sıralardan birini tutaq. O müsabiqədə elələri var ki, səhnədə müxtəlif zarafatlar edirlər. Fransız müğənnisinin səviyyəsində mən kimisə görmədim. Yaxud Maltanın müğənnisi hansı səviyyədə idi. Yaxud İsrailin təmsilçiləri duet olaraq iştirak elədilər, müğənni olaraq vokal imkanları qat-qat aşağı idi. Yaxud elə qalib olan ölkənin təmsilçisi Rıbakda heç bir vokal imkanları yox idi. Sadəcə, musiqinin gözəl olması onun uğuruna çevrildi. Mahnı ürəklərə çatdı, səs topladı. Mənə xoş gəlir ki, ukraynalılar hər dəfə öz ladlarında çıxış edirlər.

- Proqnozlarınız necədir? Siz Azərbaycanı neçənci yerdə görürsünüz?

- Bu sualı mənə deyil, dünya azərbaycanlılarına verməlisiniz. Çünki “Avroviziya” tək mahnı yarışması deyil, həm də siyasi mübarizədir. Mən qəti onun əleyhinəyəm ki, kimdənsə qabağa düşək, ya da geridə qalaq. Onun peşəkarlığa heç bir dəxli yoxdur. Məncə, pis olmamalıdır, yaxşı mahnı ilə getsələr, uğur əldə edə biləcəyik.

«Media forum»


Mövzu ilə əlaqədar bax:


“AVROVİZİYA 2010” MÜSABİQƏSİNDƏ AZƏRBAYCANI 17 YAŞLI SƏFURƏ ƏLİZADƏ TƏMSİL EDƏCƏK

SƏFURƏ



.