Avropa qonsulugu ENPI
Arxiv
Hüquq
NATİQ ƏHMƏDOV: “AZAY QULİYEVİN XƏBƏRDARLIĞININ BİZƏ AİD OLMASINDAN ŞÜBHƏLƏNİRİK”
2010-03-04 - 17:32

print

“Media forum” saytının suallarını Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının sədri, www.elmidiaspora.internet.az  saytının yaradıcısı, eyni adlı layihənin ekspert qrupunun rəhbəri Natiq Əhmədov cavablandırır.

- “Elmidiaspora.internet.az” saytının yaradılmasında məqsəd nədir?

- Layihənin məqsədi xaricdə yaşayan həmvətənlərimizin - alimlərin, tədqiqatçıların, müasir texnika və texnologiya sahəsində qabaqcıl mütəxəssislərin informasiya-analitik məlumat bankını yaratmaqdır. Onlar haqqında ümumi məlumatlar, əlaqə ünvanları, elektron poçt ünvanları, nəşr olunmuş elmi əsərlərinin siyahısı və sair məlumatlar saytda toplanacaq. Təəssüflə qeyd edək ki, xaricdə yaşayan alimlər haqqında bilgilər, Azərbaycanda fəaliyyət göstərən alimlərin xaricdə yaşayan həmkarları ilə əlaqələri, eyni zamanda xaricdəki alimlərimizin bir-biri ilə əlaqəsi xaotik xarakter daşıyır.

“Elmidiaspora.internet.az”ın əsas məqsədi Azərbaycanın elmi diasporu haqqında internet portalı hazırlamaqdır. İstəyirik xaricdə yaşayan, elmi-tədqiqat, innovasiya fəaliyyəti ilə məşğul olan alim həmvətənlərimizlə ölkəmizdə fəaliyyət göstərən alimlərin internet şəbəkəsində daimi dialoqunu yaradaq. Bu həm də onların Azərbaycandakı həmkarları ilə elmi-peşəkar əlaqələrinin aktivləşməsinə, Azərbaycanın dünya birliyinə inteqrasiyasının sürətlənməsinə səbəb olardı.

Elmi-texniki diasporun ayrı-ayrı nümayəndələri ilə təmas qurulması və elektron ünvanlar bankının yaradılması işini internet vasitəsilə sorğular aparmaqla həyata keçirəcəyik. Elmi-texniki diasporun həm sayını, həm sosial-demoqrafik xarakteristikasını, miqrasion tərcümeyi-halını, həm də onların işləmək üçün Azərbaycana qayıtma potensialını müəyyənləşdirəcəyik. Bu informasiya elmi diasporla əməkdaşlıq üçün stimul və metodların hazırlanması işində də vacibdir.

- Saytın quruluşu necədir? Necə işləyirsiniz?

- Azərbaycanda çox az sayda portal var ki, bizim texnologiya ilə çalışır. Biz necə işləyirik? Xaricdə yaşayan alim bizim sayta müraciət edir, bundan sonra ona məlumat verilir ki, qeydiyyata alınıb. Sonra həmin alim saytda öz səhifəsini açır, özü barədə məlumatları, elmi məqalələrinin adını və sair informasiyaları orda yerləşdirir. Burda bazanı doldurmaq üçün, yəni 500, 1000 nəfər alim barədə məlumatların yerləşdirilməsi üçün böyük iş görülməlidir.

- Nə planlaşdırırsınız?

- Biz işi belə qurmuşuq: həm saytda gündəlik çalışan şəxslər var, həm də 10 nəfər ekspert qrupu çalışır. Düzdür, bu adamlar ictimai əsaslarla işləyirlər. Onlar əsasən ayrı-ayrı layihələrin həyata keçirilməsində əməkdaşlıq etdiyimiz alim yoldaşlarımızdır. Onların hər birinin xaricdə yaxşı əlaqələri var. Ekspert qrupunun başlıca vəzifəsi layihə barədə xaricdə məlumat verməkdir. Hər kəs hardasa hansısa azərbaycanlı alimin olduğunu bilir. Biz isə onların hamısının Azərbaycanda tanınmasını istəyirik. Bu, lazım gəldikdə onların elmi potensialından istifadəyə imkan yarada bilər. Burda çoxlu dövlət təşkilatının dəstəyi lazımdır. Təhsil Nazirliyinin, Milli Elmlər Akademiyasının, Diasporla İş üzrə Dövlət Komitəsinin və digərlərinin dəstəyinə ehtiyac var.

- Hazırda saytın bazasına nə qədər məlumat toplanıb?

- Bir həftə əvvəl fəaliyyətə başlamışıq. Dünyanın 56 ölkəsində - ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Niderland, Avstraliya, Norveç, Avstriya, İslandiya, Almaniya, İspaniya, Polşa, İsveç, Belçika, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Rumıniya, Rusiya, Çexiya, Latviya, Türkiyə, Çin, Litva, Bolqarıstan, İtaliya, Ukrayna, Danimarka, Yaponiya, Estoniya, Misir, Yeni Zelandiya, Finlandiya, Tacikstan, Moldova, Gürcüstan, Özbəkistan, Belarus, Qazaxstan, Qırğızstan, İndoneziya, Hindistan, İordaniya, Koreya, Küveyt, Kuba, Qətər, Liviya, Macarıstan, Malaziya, Meksika, Mərakeş, Pakistan, Səudiyyə Ərəbistanı, Yunanstan, Türkmənistanda nümayəndəlik yaratmağı planlaşdırmışıq.

Hazırda bizim Türkiyə üzrə nümayəndəmiz - elmlər doktoru Ürfət Nuriyevdir. O, Türkiyədə yaşayan və çalışan azərbaycanlı alimləri məlumatlandırır və onlar bizim saytda qeydiyyatdan keçirlər. Hazırda Türkiyədən 10 nəfərə qədər qeydiyyatdan keçən var. Digər nümayəndəmiz isə Böyük Britaniyada yaşayan görkəmli alimimiz, Dünya Azərbaycanlıları Konqresinin fəxri prezidenti Qulamrza Təbrizidir. Hələlik bu ölkədən iki alim qeydiyyatdan keçib. Bu alimlərdən biri onun qızı Sara Təbrizidir. O, tanınmış həkimdir.

Bizim işimiz təkcə xaricdə yaşayan alimlərimizin şəklini vermək, onlar haqda məlumatları yerləşdirmək deyil. Saytın forum bölümü var ki, yaxın gələcəkdə onu işə salacağıq. Biz orda Azərbaycanla bağlı, ayrı-ayrı sahələrlə bağlı problem qoymaq, alimlərimizin fikrini, təkliflərini, yardımlarını öyrənmək istəyirik. İstəyirik ki, bu sayta düşən hər bir kəsin imkanından mümkün qədər çox istifadə edilsin. Qısa vaxt ərzində çoxlu minnətdarlıq məktubu almışıq. Ola bilər ki, bizim bu işimiz hansısa məmurun xoşuna gəlməsin, yaxud buna mane olmağa çalışsın. Bütün bunlara baxmayaraq xaricdə yaşayan alimlərimiz üçün bu ideyanın maraqlı olduğunu bilirik. Görünür ki, onlar çox darıxır, Azərbaycanda tanınmaq istəyirlər.

- Son 20 ildə Azərbaycandan xaricə yollanan alimlər, ziyalılar daha çox burdakı məmurlardan incik düşənlər, yaxud sosial vəziyyətin pis olması səbəbindən ölkəni tərk edənlərdir. Alimlərin məktublarından bu inciklik hiss olunurmu?

- Bir alimimiz yazmışdı ki, danışılası dərdimiz, problemimiz çoxdur. Aydındır ki, son 20 ildə ölkəni tərk edən alimlərimizin böyük əksəriyyəti dolanışıq ucbatından xaricə yollanıb. Onu da deyim ki, alimlərin getməsindən Azərbaycan nə qədər itiribsə, onların getdiyi ölkələr bir o qədər qazanıb. Əldə etdiyimiz məlumata görə, Azərbaycandan gedən alimlərin hesabına güclü riyaziyyatçılar, fiziklər birliyi yaranıb və onların yetirmələri, davamçıları var. Bizim Türkiyədə yaşayan alimlərimizin dünyanın ən iri ölkələrinin elmi jurnallarında məqalələri dərc olunur. Məsələnin maraqlı cəhəti ondan ibarətdir ki, onlar sayt vasitəsilə həm də bir-birilərini tanıyırlar. Hətta elə olur ki, keçmiş tələbə yoldaşları da bu sayt vasitəsilə yenidən əlaqə yarada bilir.

- Sayta toplanan alimlərin gücündən, imkanlarından daha necə istifadə etmək olar?

- Biz fikirləşirik ki, alimlərimiz Qarabağ problemi haqda həqiqətlərin dünyaya çatdırılmasında, dünya ictimaiyyətinin məlumatlandırılmasında böyük rol oynaya bilərlər. Mətbuatda belə məsələ qaldırılır ki, xaricdə təhsil alan tələbələr Qarabağla bağlı məsələlərdə aktiv olmalıdılar. Amma biz hesab edirik ki, bu çılğın gəncliyin gücünü, enerjisini müsbət istiqamətə yönəltməyi bacaran alimlər lazımdır. Misal üçün, dəfələrlə belə olub ki, xaricdə birgə təhsil alan erməni tələbə azərbaycanlı tələbəni təxribata çəkib, nəticədə ortaya cinayət işinin açılması kimi məsələlər çıxıb. Belə halların qarşısını almaq üçün alimlərdən, ağsaqqallardan istifadə müsbət nəticə verə bilər.

- İri iş həmişə iri vəsait tələb edir. Bu layihəni kimlər dəstəkləyir?

- Bu layihə cüzi vəsaitlə başlanıb. Açıq Cəmiyyət İnstitutu kiçik qrant müsabiqəsi elan etmişdi, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının layihəsi həmin müsabiqədə qalib oldu. 3700 ABŞ dolları ilə bu işə başlamışıq. İşin başlanğıcındakı bəzi fikirlərimizlə fəaliyyətə düşəndən sonrakı fikirlərimiz üst-üstə düşmür. Məsələn, biz başlanğıcda saytın alimlərlə bağlı məlumatlarının mütləq Azərbaycan dilində olmasını nəzərdə tutmuşduq, sonradan bəlli oldu ki, bu, mümkün deyil. Çünki iş prosesi zamanı bəlli oldu ki, xaricdə yaşayan alimlərin beynəlxalq aləmlə ünsiyyəti ingilis dilindədir, onların bütün elmi əsərləri, məqalələri bu dildədir. Ona görə alimlər özləri haqqında məlumatı da ingilis dilində yerləşdirməyi üstün tuturlar.

Hazırda layihə üzrə ştatda cəmi üç işçi var. Mən, dizayner və mühasib. Amma göründüyü kimi, ideya böyükdür və onu genişləndirmək əhəmiyyətli ola bilər. Operatorlar, tərcüməçilər və sair istiqamətlər üzrə ştatlar yaratmaq mümkündür.

- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə qatılmısınızmı?

- Bizim gözləntilərimizdən biri də odur ki, şuraya təqdim etdiyimiz layihə müsbət qiymətləndirilsin. Şura bundan əvvəl təşkilatın iki ayrı layihəsini maliyyələşdirib. Onların maliyyə dəstəyi ilə xaricdə təhsillə bağlı böyük portal hazırlamışıq.

- Şuranın 2010-cu il üçün elan etdiyi ilk müsabiqənin cavabları martın 10-dan sonra bəlli olacaq. Nə gözləyirsiniz?

- Bilirəm ki, ilkin mərhələdə layihəmiz bəyənilib. Amma təəssüf ki, şuranın keçənilki hesabatına təşkilatla bağlı narazılıq daxil olub. Bizdə belə şübhə var ki, şura sədri Azay Quliyev sizin sayta müsahibəsində dediyi “Ən yaxşı layihəni belə maliyyələşdirməyə bilərik” xəbərdarlığı bizə aid olsun. İstəməzdik ki, belə bir şərait yaransın. Amma yenə də donorun qərarı bizim üçün qanundur, onların fikri ilə razılaşacağıq. Hər halda əgər şura bizim layihəni dəstəkləməkdən imtina edərsə, biz başqa donor axtarmalı olacağıq.

Hazırda nə maddi, nə texniki, nə də digər problemimiz var. Sadəcə, məsələ ondadır ki, dörd aydan sonra Açıq Cəmiyyət İnstitutunun maliyyələşdirdiyi müddət bitir, amma biz elmi diasporla bağlı ideyamızın yarımçıq qalmasını istəmirik. Arzu edirəm ki, QHT-lərə Dövlət Dəstəyi Şurası bu layihəni maliyyələşdirməyə razılıq versin.

Hazırda elmi diasporla bağlı layihə ilə paralel daha iki layihəni həyata keçiririk. Elektron hökumətlə əlaqədar böyük layihəmiz var. Bu sahədə aprel ayının sonlarında beynəlxalq konfrans keçirməyi də planlaşdırırıq. Daha bir maraqlı layihəmiz var. Təşkilatımız Azərbaycanda fəaliyyət göstərən bütün ali məktəblərin reytinqini hazırlayacaq. Bu zaman çox maraqlı nəticələr əldə olunacaq. Onu mətbuat vasitəsilə ictimaiyyətə çatdıracağıq.

- Özünüz və təşkilat barədə nə məlumat verərdiniz?

- Mən ulu öndərimiz, məhrum prezident Heydər Əliyevin keçmiş sovet məkanında təhsil almaq üçün Azərbaycandan kənara göndərdiyi yüzlərlə gənclərdən biri olmuşam. Moskva Energetika İnstitutunu bitirmişəm, Moskva Texniki İnstitutunda müdafiə eləmişəm.

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı 1994-cü ildə qeydiyyatdan keçib. Təşkilatın üzvləri 1970-1980-ci illərdə respublikamızdan kənarda,  keçmiş SSRİ-nin aparıcı ali məktəblərində təhsil almış mütəxəssislərdir. Təşkilatın 2000-dən artıq üzvü var. Üzvlərimizdən 25 nəfəri elmlər doktoru, 187 nəfəri elmlər namizədidir. 141 nəfər Moskva Dövlət Universitetinin məzunudur. Təşkilatımız indiyədək təhsil, informasiya, vətəndaş cəmiyyəti mövzularında 20-dən artıq layihələr həyata keçirib.



"Media forum"