
Avropa Birliyi başqa ölkələrlə daim xüsusi münasibətlər qurmağa çalışır, üzv qəbul edə bilmədiyi dövlətlərlə münasibətləri yardımçı vasitələrlə tənzimləməyə üstünlük verir. Məsələn, birlik Avropa Qonşuluq Siyasəti Proqramı çərçivəsində quruma daxil olmayan xeyli ölkə ilə münasibət qurub, onlara maddi və texniki yardım göstərir. Birliyin məqsədi əməkdaşlığı genişləndirmək yollarıyla qalan ölkələri də öz standatlarına yaxınlaşdırmaqdır. Avropa Birliyi qonşuluq proqramı çərçivəsində ölkələrlə fərdi fəaliyyət planı imzalayıb. Bu plan əməkdaşlığın indikatoru sayılır. Hər bir ölkə fəaliyyət planında öhdəliyi seçməkdə sərbəstdir, öhdəlik az da ola bilər, çox da. Üzərinə daha çox öhdəlik götürüb onu vaxtında yerinə yetirməsi ölkələri Avropa Birliyi ilə daha çox yaxınlaşdırır.
Avropa Birliyinin yeni layihələrindən biri də Şərq Tərəfdaşlığı Proqramıdır. Bu proqramı 2008-ci ilin may ayında Avropa Birliyinin üzvləri olan Polşa və İsveç irəli sürüb. Proqram ilkin olaraq beş ölkə üçün nəzərdə tutulub: Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldova. Birlik Belarusu da bu proqrama qatmaq istəyir. Ancaq Belarusla danışıqlar hələ davam etdiyindən və yekun qərar verilmədiyindən proqramdakı sayı şərti olaraq «5+1» qrupu kimi göstərirlər.
Şərq Tərəfdaşlığı Proqramının Qonşuluq Siyasəti Proqramından fərqi nədədir? Axı adı çəkilən dövlətlər onsuz da qonşuluq siyasətində təmsil olunublar, belə isə yeni proqramın irəli sürülməsi zərurəti nədən yaranıb?
Məsələ burasındadır ki, Şərq Tərəfdaşlığı Proqramı Qonşuluq Siyasəti Proqramından daha üstün layihə sayılır. Qonşuluq siyasətinə onlarca dövlət daxildir və bəzən bu çərçivədə əməkdaşlıq simvolik xarakter daşıyır. Avropa Birliyi «5+1» qrupuna daxil olan dövlətləri irəli çəkməklə onlarla daha sıx əməkdaşlığa ümid edir. Avropa Birliyinin liderləri Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində «5+1» məkanında islahatların sürətlənəcəyinə və quruma daha çox yaxınlaşacağına inanırlar. Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələr üçün viza rejiminin yumşaldılmasını, ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını və enerji əməkdaşlığını genişləndirməyi nəzərdə tutub.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu 2008-ci il dekabrın 3-də Brüsseldəki çıxışında Şərq Tərəfdaşlığı Proqramına xüsusi önəm verdiklərini deyib. O bu proqramın hədəfinə çatması və qurumla inteqrasiyanı yüksək pilləyə qaldırması üçün siyasi iradə və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi zərurətindən söz açıb. Barrozu Şərq Tərəfdaşlğı Proqramıyla bağlı çıxışını bu sözlərlə tamamlayıb: «Biz sabitlik və inkişaf üçün səylərimizi artırmalıyıq. Bu həm siyasi, iqtisadi səmərəni artırmağa, həm də Avropa Birliyi ilə proqrama qatılan ölkələrin təhlükəsizliyini gücləndirməyə imkan verəcək».
Joze Barrozunun təhlükəsizliklə bağlı fikrini birliyin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner bu şəkildə konkretləşdirib: «Avropa Birliyinin təhlükəsizliyi və sabitliyi Şərqi Avropa və Cənubi Qafqazda baş verən hadisələrdən birbaşa asılıdır».

