İnsan haqqı
Arxiv
Xəbərlər
AZƏRBAYCANDA XƏBƏR OMBUDSMANLIĞININ YARADILMASI İMKANLARI ARAŞDIRILIR
2010-03-02 - 15:17

print

Sosial İnformasiya Agentliyinin və Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının dəvəti ilə Xəbər Ombudsmanları Birliyi beynəlxalq təşkilatının nümayəndəsi C.B.Hanif Azərbaycana səfər edib. Səfərdə məqsəd Azərbaycanda xəbər ombudsmanlığının yaradılması imkanlarını öyrənməkdir.

Martın 2-də Sosial İnformasiya Agentliyinin direktoru Taleh Şahsuvarlı, Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli C.B.Haniflə birgə “Media forum” saytının redaksiyasında olublar.

T.Şahsuvarlı və M.Mütəllimli qeyd ediblər ki, ölkədə diffamasiya qanununun qəbul olunmasına hazırlıq gedir, bu proses xəbər ombudsmanlığı institutunun formalaşdırılmasını da aktuallaşdırır, mərkəzi ofisi ABŞ-da yerləşən Xəbər Ombudsmanları Birliyindən nümayəndənin Azərbaycana dəvət olunması da bununla bağlıdır.

Görüşdə C.B.Hanif öz təcrübəsindən danışıb, bildirib ki, xəbər ombudsmanının vəzifəsi oxucuların redaksiyadan şikayətini araşdırmaqdır. 2007-ci ilə qədər mətbuatda çalışdığını deyən C.B.Hanif qeyd edib ki, qəzetdə xəbər ombudsmanı işlədiyi dövrdə oxucuların şikayətinə daim redaksiya rəhbərliyindən və ya şikayətə səbəb olan yazıların müəlliflərindən yazılı cavablar alıb, bu cavablar əsasında hər həftə qəzetdə məqalə ilə çıxış edib.

“Qəzetlər də dövlətlər kimi şəffaf olmalıdır” deyən C.B.Hanif ABŞ və Avropanın bir çox iri qəzetlərini misal çəkərək redaksiyalarda istər rəhbərliyin, istərsə də əməkdaşların xəbər ombudsmanına heç də isti münasibət bəsləmədiyini vurğulayıb: “Çünki qəzetçilər redaksiya daxilində tənqidə məruz qalmağı xoşlamırlar”.

C.B.Hanifin sözlərinə görə, Beynəlxalq Ombudsmanlar Birliyi dünyanın müxtəlif ölkələrində xəbər ombudsmanı təcrübəsinin tətbiqinə yardım edir: “Biz Azərbaycana da bu işdə bacardığımız köməyi göstərmək istəyirik”.

O bildirib ki, hər bir yerdə xəbər ombudsmanının fəaliyyəti, vəzifələri həmin yerin səciyyəvi xüsusiyyətlərinə, problemlərinə uyğun təşkil olunur: “Ona görə də xəbər ombudsmanlığı ilə bağlı müxtəlif modellər var”.

Azərbaycana hələ təzə gəldiyinə görə C.B.Hanif bura üçün hansı modelin daha yararlı olduğunu indi deyə bilməyəcəyini söyləyib.

 
 

 
 
 
 
 
 



"Media forum"