İnsan haqqı
Arxiv
Xəbərlər
PARLAMENT OMBUDSMANI SEÇDİ (Elmira Süleymanovanı 106, Faiq Qurbanovu 3, Teymur Məlikaslanovu 9 deputat dəstəklədi)
2010-03-05 - 13:07

print


Elmira Süleymanova yenidən Azərbaycanın insan hüquqları üzrə müvəkkili - ombudsman seçilib. Qərar Milli Məclisin martın 5-də keçirilən iclasında qəbul olunub.

“Media forum” saytının məlumatına görə, parlamentin sədri Oqtay Əsədov üç namizəddən ilk olaraq E.Süleymanovanın namizədliyini səsverməyə çıxarıb. Səsvermədə iştirak edən deputatlardan 106 nəfəri E.Süleymanovanı dəstəkləyib. 7 deputat onun əleyhinə səs verib. Bitərəf qalan olmayıb.

Sonra Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanovun namizədliyi səsverməyə qoyulub. Nəticə belə olub: 3 nəfər lehinə, 66 nəfər əleyhinə, 18 nəfər bitərəf. 2 nəfər səsvermədə iştirak etməyib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovun namizədliyi səsverməyə çıxarıldıqda onun lehinə 9, əleyhinə 59 deputat səs verib. 23 nəfər bitərəf qalıb.

E.Süleymanovanın qələbəsini parlament sürəkli alqışlarla yekunlaşdırıb.

Səsvermə zamanı hər üç namizəd Milli Məclisin iclasında iştirak edib.

E.Süleymanova, F.Qurbanov və T.Məlikaslanovun ombudsmanlığa namizədliyini prezident İlham Əliyev irəli sürmüşdü.

E.Süleymanova 2002-ci il iyulun 2-dən ombudsmandır. O, Beynəlxalq Ombudsmanlar İnstitutunun və Avropa Ombudsmanlar İnstitutunun üzvüdür.

1937-ci ildə Bakıda anadan olan Elmira Süleymanova indiki Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Kimya elmləri doktoru, professordur. 1990-1994-cü illərdə Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini olub. 1994-cü ildən “Qadın və İnkişaf” Elmi-Praktiki Mərkəzinə rəhbərlik edib. Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin və onun nəzdində uşaqların liderlik məktəbinin yaradıcısıdır, uşaq haqları üzrə milli koordinator olub. 2001-ci ildə Azərbaycanda ahıllar üçün ilk resurs mərkəzini yaradıb. 2000-2002-ci illərdə Prezident yanında Əfv Məsələləri Komissiyasının, 2000-2006-cı illərdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü olub. 



"Media forum"