İnsan haqqı
Arxiv
Xəbərlər
AZƏRBAYCAN PARLAMENTİNDƏ SƏRT ETİRAZLAR: ABŞ SOYQIRIMDA İTTİHAM OLUNDU
2010-03-05 - 13:27

print

Milli Məclisin martın 5-də keçirilən iclasında deputatlar ABŞ parlamentarlarına etirazlar səsləndirib. ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi martın 4-də keçirdiyi dinləmələrdən sonra 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı aparılan siyasətin dəyərləndirilməsi ilə bağlı qətnaməyə səs verib. Nümayəndələr Palatasının gündəminə erməni məsələləri üzrə işçi qrupun təqdim etdiyi 252 nömrəli qətnamə 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qəbul edilib. Qətnaməyə görə, ABŞ prezidenti 1915-ci ildə Osmanlı Türkiyəsində baş verənləri rəsmi olaraq erməni soyqırımı kimi səciyyələndirməli və hər il apreldə ölkənin erməni mənşəli vətəndaşlarına müraciətdə məhz bu termindən istifadə etməlidir.

Müxalifətçi deputat İqbal Ağazadə qərarın regionda sülhün və əmin-amanlığın təmin edilməsini çətinləşdirəcəyini söyləyib.

Yeni Azərbaycan Partiyasından Yaqub Mahmudovun bəyanatı sərt olub: “ABŞ Konqresi unutmamalıdır ki, söhbət soyqırımdan gedirsə, onların ulu babaları hinduları sürgün etməklə və qırmaqla soyqırım ediblər. Onlar Əfqanıstanda və İraqda soyqrım aktı həyata keçiriblər. Osmanlı İmperiyası dövründə baş verənlərə görə indiki Türkiyə cavab verməməlidir. Milli Məclisdə öz etirazımızı bildirməli və bəyanat qəbul etməliyik. Yaxın vaxtlarda bu proseslərlə bağlı parlament dinləməsi keçirilməlidir”.

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn ABŞ Konqresinə etiraz bəyanatı hazırlanmasını vacib saydığını virğulayıb: “Türkiyə ilə həmrəylik nümayiş etdirilməlidir”.

Müstəqil deputat Qənirə Paşayeva xarici əlaqalər komitəsinin qərarının özünü türk sayan hər bir insan üçün təhqir demək olduğunu vurğulayıb. “Tarixdə olmayan bir hadisəsinin soyqırım kimi qəbul edilməsi və bunun türklərin ayağına yazılması təhqirdir”.

BAXCP-dən deputat Qüdrət Həsənquliyev Azərbaycanın ABŞ-dakı səfirinin geri çağırılmasını təklif edib. O, Konqresdə çıxarılmış qərarın Azərbaycana qarşı da hörmətsizlik olduğunu vurğulayıb: “Parlament olaraq buna kəskin etirazımızı bildirməliyik. Belə getsə, Hüseynoğlu Obamanın hakimiyyəti illərində müsəlman dünyasına qarşı ən sərt addımlar atılacaq. ABŞ Azərbaycan və Türkiyə kimi müsəlman tərəfdaşlarını itirəcək”.

YAP-çı deputat Elman Məmmədov xarici əlaqələr komitəsinin qərarının Türkiyəyə növbəti təzyiq olduğunu deyib: “Bu qərardan Türkiyədən çox ABŞ itirəcək. Bir cırtdan ölkədən ötrü Türkiyənin timsalında Yaxın Şərqdə öz mövqelərini itirəcək. Biz də öz mövqeyimizi bildirməliyik. ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna öz münasibətimizi bildirməliyik. Həmsədrlikdə təmsil olunan iki ölkə açıq şəkildə ermənilərin maraqlarını müdafiə edir”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov xarici əlaqələr komitəsinin qərarının Türkiyə-ABŞ münasibətlərinin ruhuna uyğun gəlmədiyini deyib: “Dolayısı ilə Azərbaycanla münasibətlərin ruhuna da uyğun deyil. Mən bu qərarda qeyri- adi bir hal görmürəm. Dünyada hüququn gücü yox, gücün hüququ hakimdir. Əgər Türkiyə öz keçmişinə görə hesabat verməlidirsə, ABŞ-da qırılan hinduların, Əfqanıstanda, İraqda qırılanların, Xocalıdakı qətliamın hesabatını kim verməlidir? Bununla Türkiyəyə deyirlər ki, Qarabağ məsələsindən vaz keçməlisən. Bu bir daha sübut edir ki, dünyanı BMT yox, bir neçə iri dövlət idarə edir. Biz ancaq özümüzə güclənməliyik”.

Ana Vətən Partiyasından deputat Zahid Oruc qərarın Azərbaycan-ABŞ münasibətlərinə də zərər vuracağını söyləyib: “Mən Azərbaycan səfirinin məsləhətləşmələr üçün Vaşinqtondan geri çağırılmasının tərəfdarıyam”.

Milli Məclisin sədri Oqtay Əsədov komitədə çıxarılan qərarın Nümayəndələr Palatasından keçməyəcəyinə inandığını vurğulayıb: “ABŞ bir ovuc erməni lobbisinin xətrinə Türkiyə ilə münasibətləri korlamayacaq. Fransa ilə ABŞ-ın qondarma soyqırımı tanımasını eyniləşdirmək olmaz. ABŞ-ın tanıması başqa nəticələrə gətirib çıxaracaq. Ona görə də inanıram ki, sənəd Nümayəndələr Palatasından keçməyəcək”.


«Media forum»


Mövzu ilə əlaqədar bax:

“ERMƏNİ SOYQIRIMI” LAYİHƏSİ KONQRES KOMİTƏSİNDƏN NECƏ KEÇDİ (Müzakirələrdə deyilənlər)

TÜRKİYƏ ABŞ-dakı SƏFİRİNİ GERİ ÇAĞIRDI

SƏMƏD SEYİDOV: “BU QƏRAR ABŞ-ın CƏNUBİ QAFQAZ REGİONUNDAKI MARAQLARINA ZİDDİR”

BAHAR MURADOVA: “AZƏRBAYCAN DA MÜƏYYƏN ADDIMLAR ATMALIDIR”

RƏSMİ BAKI 4 MART QƏRARINA MÜNASİBƏT AÇIQLAYACAQMI?

SÜLHƏDDİN ƏKBƏR: “4 MART QƏRARI AZƏRBAYCAN ÜÇÜN BİR FÜRSƏTDİR”



.