2010-03-05 - 14:13
![]() |
|
Faiq Qurbanov |
Prezident İlham Əliyevin ombudsman vəzifəsinə irəli sürdüyü namizədlərdən biri olmuş Ədliyyə Nazirliyi İnsan Haqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Faiq Qurbanov martın 5-də Milli Məclisdə keçirilən səsvermədən sonra “Media forum” saytına açıqlama verib.
Martın 5-də parlament prezidentin ombudsman vəzifəsinə namizəd irəli sürdüyü üç nəfərin məsələsinə baxıb. Səsvermə zamanı F.Qurbanovun lehinə 3, əleyhinə 66 deputat səs verib. 18 nəfər bitərəf qalıb. F.Qurbanovun namizədliyi səsverməyə çıxarılarkən 2 nəfər səsvermədə iştirak etməyib. Digər namizəd, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanov da lazımi qədər səs toplaya bilməyib. Səsvermənin qalibi Elmira Süleymanova olub. Beləliklə, 2002-ci ildən ombudsman işləyən E.Süleymanova postunu qoruyub saxlayıb.
Səsvermə başa çatandan sonra “Media forum”a açıqlamasında F.Qurbanov bildirib ki, qərarı Milli Məclis çıxarıb və o, bu qərarı şərh etmək istəmir: “Parlament Elmira Süleymanovaya etimad göstərib. Səs çoxluğu ilə o seçilib. Əvvəlcədən də bilirdik ki, burda seçim olacaq. Onun nəticələrini də qəbul etməliyik”.
Ombudsmanlığa namizəd olduğu vaxt F.Qurbanov “Media forum”a demişdi ki, insan hüquqları çoxşaxəli sahədir və ombudsman bu istiqamətdə fəaliyyətini davam etdirilməli, daha geniş və çoxşaxəli olmalı, bütün sahələri əhatə etməlidir: “Şübhəsiz, bizim ombudsman bu istiqamətdə konkret və müəyyən işlər görüb. Lakin bu işlər daha yüksək səviyyədə aparılmalıdır. Ombudsmanın əsas vəzifələrindən biri dövlət orqanları ilə vətəndaşlar arasında körpü rolunu oynamaqdır. O, ictimai münasibətləri tənzimləməlidir. Bu işlərdə ombudsman həmişə fəal olmalı və bütün dövlət strukturları ilə fəal əməkdaşlıq etməlidir. Konstruktiv mövqedən çıxış etməli və qərəzsiz olmalıdır. Bu prinsiplər əsasında fəaliyyət göstərilən zaman fərq etməz ki, ombudsman vəzifəsində kimdir”.
Faiq Qurbanov 1967-ci ildə Bakıda anadan olub. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra Ədliyyə Nazirliyində işləməyə başlayıb. 1993-cü ildə iş yerini Xarici İşlər Nazirliyinə dəyişib. XİN-in Müqavilə Hüquq İdarəsində şöbə müdiri vəzifəsində işləyib. 2000-ci ildə ədliyyə sisteminə qayıdıb. Prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənmə” medalı və “Tərəqqi” medalı ilə təltif olunub. Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin və Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının üzvüdür.


