2010-03-09 - 16:00
![]() |
|
Gültəkin Hacıbəyli |
96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat Gültəkin Hacıbəyli Naftalandakı təhsilin vəziyyətindən narazıdır.
“Media forum” saytının məlumatına görə, deputat bildirib ki, Naftalan şəhərində cəmi iki orta ümumtəhsil məktəbi fəaliyyət göstərir: “Hər iki məktəb Avropa standartları səviyyəsində təmir edilib, yüksək səviyyədə təchizatla təmin olunub. Gözəl fənn otaqları, laboratoriyaları, kompüter sinifləri var. Bu iki məktəbdə birlikdə 907 şagird təhsil alır və 907 şagirdin təlim-tərbiyəsi ilə 219 müəllim məşğul olur. Yəni orta hesabla hər müəllimə dörd şagird düşür. Faktiki olaraq, müəllimlər repetitorlar statusunda çıxış edirlər. Əgər bir müəllim - dörd şagird nisbəti mövcuddursa, bu, məktəb yox, daha çox fərdi təhsil ocağı sayıla bilər. Ancaq gəlin görək yalnız və yalnız dörd şagirdi hazırlayan, təhsil verən bu müəllimin göstəriciləri necədir?”
G.Hacıbəyli deyib ki, sonuncu buraxılış imtahanlarında Naftalan şəhərinin göstəricisi - müxtəlif tədris fənləri üzrə mənimsəmə faizi 21 faiz təşkil edib və bu, qeyri-kafidən də aşağı göstəricidir. Deputat qeyd edib ki, Naftalan məktəblərində xarici dil və riyaziyyat fənləri üzrə mənimsəmə faizi sıfır həddində olub: “Bu, artıq çox ciddi şəkildə həyəcan təbili çalmaq üçün əsas verir”.
Onun sözlərinə görə, inkişaf etmiş Avropa ölkələrində bir müəllim 20-25 şagirdin təlim-tərbiyəsi ilə məşğuldur. Azərbaycanda isə bu göstərici 8 nəfərdir: “Bir müəllimə 8 şagird düşür və məhz bu prizmadan yanaşsaq, Azərbaycanda təhsilin keyfiyyəti Avropa səviyyəsindən 3 dəfə yüksək olmalıydı, Naftalanda isə təhsilin keyfiyyəti Azərbaycandakı təhsilin səviyyəsindən 2 dəfə yüksək olmalıydı. Ancaq reallıq tamamilə bunun əksinədir. Bu gün məktəblərimizdə, xüsusilə bölgə məktəblərimizdə yüzlərlə, hətta minlərlə saxta diplomlu pedaqoq çalışır. Gürcüstanın, Dağıstanın, adı və ünvanı məlum olmayan və heç vaxt normal fəaliyyət göstərməmiş dırnaqarası ali təhsil müəssisələrinin diplomlarını əldə etmiş müəllimlərin də çox ciddi bir attestasiyaya ehtiyacı var”.
G.Hacıbəyli onu da qeyd edib ki, dərsliklərin keyfiyyəti Azərbaycan təhsilinin növbəti ağrılı problemlərindən biridir: “Bu, göz yaşları içində gülüşdür. Çünki bu dərsliklərlə biz gələcəyimizi baltalayırıq. Əgər bu dərsliklərdə Azərbaycanın dövlət atributlarından olan üçrəngli bayrağımızla, dövlət müstəqillik günümüzlə bağlı təhriflər əksini tapırsa, onlar haqqında hansısa əlavə bir fikir söyləməyə də ehtiyac yoxdur”.


