2010-03-09 - 16:39
![]() |
|
Elmar Hüseynov |
2005-ci il martın 2-də öldürülmüş jurnalist Elmar Hüseynovun xatirəsinə həsr edilən ongünlük çərçivəsində informasiya azadlığına dair 8 min nüsxəlik sosial vərəqələr yayılacaq. Bu tədbirin həyata keçirilməsində “Yeni Müsavat” qəzeti, “Yeni Nəsil” Jurnalistlər Birliyi və Media Hüququ İnstitutu iştirak edir.
“Media forum” saytı xəbər verir ki, “İnformasiya azadlığı sənə nə üçün lazımdır?” başlığı altında hazırlanan vərəqələrdə mövzuya dair qısa bölmələr yer alıb. Burada informasiya azadlığının nə olduğu və vətəndaşlara nə verdiyi haqda bilgilər, informasiya almaq istəyən vətəndaşlar üçün zəruri məlumatlar yerləşdirilib. Vərəqədə “İnformasiya azadlığı yoxdursa, nəyi itirirsən” sualına cavab tapmaq da mümkündür. Praktika göstərir ki, adətən informasiya mənbələri onlardan istənilən məlumatı verməkdən boyun qaçırarkən dövlət sirrini bəhanə gətirirlər. Odur ki, sosial reklam xarakterli bu vərəqədə dövlət sirrinin nə olduğu haqda da məlumat verilib.
İlkin mərhələdə vərəqələr “Yeni Müsavat” qəzeti vasitəsilə yayılacaq. Sonra “Yeni Nəsil” Jurnalistlər Birliyi, Media Hüququ İnstitutu və “Article 19” təşkilatının birgə səyi ilə daha 22 min nüsxə vərəqə çap ediləcək, digər mətbu orqanları və əl yayımı şəbəkəsi bu işə cəlb olunacaq.
Martın 10-da Elmar Hüseynovun xatirəsinə həsr edilmiş ongünlük başa çatır. Bu ongünlük çərçivəsində son tədbir həmin gün “Respublika Lüks” hotelində baş tutacaq. Burada “Azərbaycanda informasiya azadlığı və məlumat əldə etmək hüququ” mövzusunda müzakirələr keçiriləcək. Tədbirə yerli mütəxəssislərlə yanaşı, İngiltərə, Türkiyədən gələn ekspertlər də qatılacaq.




