2010-03-10 - 15:19
![]() |
|
İqbal Ağazadə |
“İstintaq öz sirrini qoruduğuna görə mən və qohumlarım aparılan istintaq haqda ciddi informasiyaya malik deyilik. Amma göstərdikləri fəaliyyətə, intensiv işə görə daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova təşəkkür edirəm”. Fevralın 20-də Sumqayıtda yaxın qohumları silahlı basqına məruz qalan Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə martın 10-da “Media forum” saytına açıqlamasında belə deyib.
Deputat qeyd edib ki, həm daxili işlər naziri ilə baş prokuror, həm də onların müavinləri çox ciddi şəkildə cinayətin üstünün açılmasına çalışırlar: “Hesab edirəm ki, hüquq mühafizə orqanlarının rəhbərləri vəzifə borclarını yerinə yetirməklə bərabər, məsələyə münasibətdə fərqli yanaşma nümayiş etdiriblər. Daxili işlər naziri və baş prokurorun müavinləri dəfələrlə Sumqayıta gediblər. Ötən həftənin sonunda isə daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov Sumqayıtda istintaqın gedişi ilə maraqlanıblar, iş birbaşa onların nəzarətindədir. Bütün bunlar cinayətin üstünün açılması üçün intensiv iş aparıldığını göstərir. Amma istintaq sirri olduğuna görə bizə məlumat verilmir. Biz özümüz də buna cəhd etmirik”.
İ.Ağazadə bildirib ki, istintaq materialları ilə tanış olmadığına görə məsələni nazirlə baş prokurorun nəzarətə götürməsinin səbəbləri haqda bir söz deyə bilmir: “Ola bilər, işin xüsusatları üzrə elə məqamlar ortaya çıxıb ki, həmin hallar belə fərqli yanaşma tələb edib. İndiki halda bizə gözləmək, səbir etmək qalır. Eyni zamanda, bu qədər diqqətin olduğu dövrdə cinayətin üstünün açılmayacağı haqda pessimist fikirlər söyləmək istəmirəm. Bu cür yanaşma varsa, gec-tez cinayətkarlar həbs olunacaq. İstintaq materialları ilə tanış olmadan fərziyyələr irəli sürmək qeyri-professionallıq olar və istintaqın gedişinə ziyan vurar”.
Deputat hadisə zamanı yaralanan qohumunun səhhətinin yaxşı olduğunu deyib.
Fevralın 20-də İ.Ağazadənin qohumları olan Sumqayıt sakinləri İsmayıl Balayev və onun oğlu Vüqar Balayev iş yerinə gedərkən Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar. Nəticədə iki güllə yarası alan Vüqar Balayev hadisə yerindəcə keçinib, İsmayıl Balayev isə xəsarətlə Sumqayıt Şəhər xəstəxanasına yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5, 29, 120.2.7 (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin fotorobotu da hazırlanıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


