2010-03-10 - 16:56

Məhbus jurnalist Eynulla Fətullayevə xaricdən göndərilən dəstək məktublarının aqibətindən xəbər yoxdur.
“Media forum”a açıqlama verən jurnalistin atası Emin Fətullayev deyib ki, sonuncu dəfə dəstək məktublarını fevralın 23-də Qaradağ rayonunun Buta qəsəbəsindəki poçtundan götürüb: “Eynulla 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlananda məktublar ona məhz bu poçtla çatdırılırdı. 2010-cu ilin ilk günlərində Eynulla Bakı İstintaq Təcridxanasına köçürüləndən sonra məktublar elə poçtda qalırdı və mən həftədə bir dəfə, yaxud on gündən bir qəsəbəyə gedib onları götürürdüm. Sonuncu dəfə, bu il fevralın 23-də poçtun direktoru mənə dedi ki, daha bura gəlmə. Belə izahat verdi ki, Eynullanın adına gələn məktublar Zabrat qəsəbə poçtuna göndəriləcək və oradan da Bakı İstintaq Təcridxanasına çatdırılacaq”.
Emin Fətullayev vəkil Elçin Sadıqova istinadla Eynullanın Bakı İstintaq Təcridxanasında heç bir məktub almadığını əlavə edib: “Bilmirəm ki, məktubların aqibəti ilə bağlı hara müraciət edim.
Məktubların arası kəsilə bilməz. Çünki hər 10-15 günə o qədər dəstək məktubu toplanırdı ki, saymaq belə mümkün olmurdu. Bu məntiqdən çıxış eləsək, daha məktub gəlmir fikirləşmək düzgün deyil”.
2007-ci ilin aprelindən həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru E.Fətullayev ona qarşı başlanmış yeni cinayət işi ilə əlaqədar 2010-cu il yanvarın 2-də 12 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
2008-ci ilin sonlarından Eynulla Fətullayev Beynəlxalq Amnistiya Təşkilatının təşəbbüsü ilə dünya ölkələrindən – ayrı-ayrı vətəndaş və qurumlardan dəstək məktubları, açıqcalar alır.

