2010-03-10 - 18:14
![]() |
|
Əlövsət Osmanlı |
Fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlının məhkəməyə verilməsi ilə bağlı ombudsman Elmira Süleymanovaya müraciət edilib.
Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) üzvləri Ə.Osmanlıya qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırıblar. İddia ərizəsində alimin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi tələb olunur. İddiaya səbəb isə onun “Azadlıq” qəzetində çap olunmuş silsilə yazılarındakı “DQŞ komplektlərin seçimində saxtakarlığa yol verir” cümləsidir.
Əlövsət Osmanlını müdafiə komitəsinin sədri, təhsil üzrə mütəxəssis Nadir İsrafilovun imzaladığı müraciətdə deyilir ki, Ə.Osmanlı təhsilin məzmunundakı problemlərdən bəhs edən yazıları ilə tanınır: “Təhsil sahəsi ilə bağlı tənqidi çıxışlar edən ekspertlərin məhkəməyə verilməsi artıq ənənə halını alıb”.
Müraciətdə bu proseslərin bir mərkəzdən idarə olunduğu ehtimalı irəli sürülür.
Daha sonra bildirilir ki, Yasamal Rayon Məhkəməsində hazırlıq iclası zamanı xüsusi ittihamçıların heç birinin məhkəməyə gəlməsi təmin edilməyib. “Məhkəmədə DQŞ-nin təsdiqlədiyi, ümumi tirajı 140 min nüsxəyə yaxın üç dərslikdə Azərbaycanın dövlət bayrağının tərsinə (mavi rəng aşağıda) çap olunduğunu sübuta yetirən nüsxələr nümayiş etdirilib. Ə.Osmanlı isə hakimdən bir dərslikdə 1000-dən çox səhvin olması ilə onun yazısındakı “DQŞ komplektlərin seçimində saxtakarlığa yol verir” cümləsini tərəzinin eyni gözünə qoymağı xahiş edib”.
Əlövsət Osmanlını müdafiə komitəsi ombudsmanın sözügedən məhkəmə prosesini nəzarətdə saxlamasını istəyir.


