İnsan haqqı
Arxiv
Xəbərlər
İKİ BEYNƏLXALQ TƏŞKİLAT BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN QƏRARINA ETİRAZ BİLDİRDİ
2010-03-11 - 15:44

print

Mərkəzi qərargahı Nyu-Yorkda (ABŞ) yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Bakı Apellyasiya Məhkəməsinin bloqçular Adnan Hacızadə və Emin Milli barədə hökmü qüvvədə saxlamasını pisləyən bəyanat yayıb.

“Turan”ın məlumatına görə, təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnyanovanın adından yayılan bəyanatda deyilir: “Biz Azərbaycanda ifadə azadlığının kriminallaşdırılması təcrübəsinin kök salmasından narahatıq. Ölkə hakimiyyətini Adnan Hacızadə və Emin Millini dərhal azad etməyə çağırırıq.

“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı da bloqçuların işi haqda bəyanat verib. Təşkilatın nümayəndəsi Giorgi Nodiya bildirib ki, bu iş korrupsiyanı tənqid edən gənclərin susdurulması məqsədi ilə qurulub: “Bloqçuları azadlığa buraxmaqdan imtina edən Bakı Apellyasiya Məhkəməsinin qərarı Azərbaycanda söz azadlığının vəziyyətinin pisləşməkdə davam etdiyinə və hakimiyyətin ifadə azadlığına qarşı təzyiqlərinə dəlalət edir”.

Martın 10-da Bakı Apellyasiya Məhkəməsi həbsdə olan gənc bloqçulara Səbail Rayon Məhkəməsində çıxarılmış hökmü qüvvədə saxlayıb. Onlar 2009-cu il iyulun 8-də Bakının “Livan” restoranında baş verən insidentdən sonra tutulublar. Gənclər Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli biliniblər. Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.



"Media forum"