İnsan haqqı
Arxiv
Xəbərlər
TÜRKİYƏDƏ ÇALIŞAN AZƏRBAYCANLI ALİMLƏR OMBUDSMANA MÜRACİƏT ETDİ
2010-03-11 - 16:43

print

Əlövsət Osmanlı

Türkiyədə çalışan bir qrup azərbaycanlı alim ombudsman Elmira Süleymanovaya müraciət edib. “Media forum” saytının məlumatına görə, onlar Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurası üzvlərinin fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlını məhkəməyə verməsindən söz açıblar.

Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri Ə.Osmanlıya qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırıblar. İddia ərizəsində alimin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi tələb olunur. İddiaya səbəb isə onun “Azadlıq” qəzetində çap olunmuş silsilə yazılarındakı bir cümləsidir.

Alimlərin müraciətdə deyilir: “Hörmətli Elmira xanım! Azərbaycanın təhsil sistemində istifadə olunan dərsliklərdə kifayət qədər qüsurların olduğunu nüfuzlu alimlərdən, pedaqoqlardan tutmuş ibtidai sinif şagirdlərinə qədər hamı yaxşı bilir. Amma nə yazıq ki, bu problemlər haqqında toplumun eşidə biləcəyi səslə danışan, nöqsanları konkret faktlarla açıqlayıb göstərənləri barmaqla saymaq olar.

Fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlı məhz belə ziyalılarımızdan biridir. Onun ibtidai sinif dərslikləri, eləcə də dərs proqramları ilə bağlı yazılarını biz – Türkiyədə çalışan alimlər də diqqətlə izləyirik. Əlbəttə, Əlövsət müəllimin hansısa bir fikri ilə razılaşmamaq, onunla mübahisə etmək də olar. Amma onun əksər arqumentlərinin doğruluğuna inanmaq üçün alim olmağa gərək də yoxdur.

Bu günlərdə Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının 11 üzvünün bu alimi qəzetdə dərc olunmuş silsilə yazılarındakı bir cümləyə (“Dərslikləri Qiymətləndirmə Şurası komplektlərin seçimində saxtakarlığa yol verir”) görə məhkəməyə verərək onu cinayət məsuliyyətinə cəlb etdirmək istəməsi xəbəri hamı kimi ölkəmiz adına bizi də üzdü. Bizə görə bu məsələ tanınmış bir alimi susdurmaq cəhdi, eləcə də azad fikrə, söz azadlığına, mətbuata qarşı basqı kimi qiymətləndirilməlidir.

Narahatçılıq doğuran həm də odur ki, Əlövsət Osmanlını həbsə atdırmaq istəyənlərin hamısı ali məktəb müəllimi, alimdir. Doğrudanmı biz acı tariximizdən nəticə çıxarmırıq? Ötən əsrin 30-cu illərində ziyalılarımız bir-birini beləcə məhv etməmişdimi?! Nə tez unutduq bunları?

Hörmətli Elmira xanım! Öz nüfuzunuzdan istifadə edərək Yasamal Rayon Məhkəməsində baxılan bu işin obyektiv, ölkəmizin beynəlxalq hüquqdan doğan öhdəlikləri çərçivəsində araşdırılmasına yardımçı olmağınızı xahiş edirik!”

Müraciəri professorlar Qeybulla Ramazanoğlu, Elimxan Mahmudov, Biləndər Allahverdiyev, Abbas Əzimov, Nazim Kərimov, Xanlar Məmmədov, Adıgözəl Dosiyev, Okan Universiteti Qabil Əmirəliyev, Azad Bayramoğlu imzalayıblar.



"Media forum"