İnsan haqqı
Arxiv
Xəbərlər
GÜRCÜSTAN BAŞ PROKURORLUĞU: KONSTİTUSİYA TEYMURAZ ƏLİYEV və TAHİR XUBANOVUN XARİCİ ÖLKƏYƏ VERİLMƏSİNİ YASAQ EDİR
2010-03-11 - 17:27

print

 

Gürcüstanın Baş Prokurorluğu “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Teymuraz Əliyev və Tahir Xubanovun Azərbaycana təhvil verilməsi xahişinin rədd edildiyini təsdiqləyib.

Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb. Azərbaycanın bir sıra rəsmiləri müxtəlif vaxtlarda bəyan ediblər ki, Gürcüstan tərəfi T.Əliyev və T.Xubanovun Azərbaycana təhvil verilməsindən imtina edir.

Martın 11-də Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin prokuroru Nana Rapava “Media forum” saytına açıqlamasında deyib ki, həqiqətən Azərbaycan tərəfi T.Əliyev və T.Xubanovun təhvil verilməsi xahişi ilə Gürcüstan tərəfinə dəfələrlə müraciət edib: “Ancaq bizim ölkəmizin konstitusiyası Gürcüstan vətəndaşlarının başqa ölkəyə təhvil verilməsini qadağan edir. Ona görə də biz Azərbaycan tərəfinin xahişinə əməl edə bilməmişik”.

Azərbaycanla Gürcüstan arasında qarşılıqlı hüquqi yardım haqda müqavilə varmı? Suala N.Rapava “Bəli” cavabını verib. “Bəs onda problem nədədir” sualına cavabında isə prokuror bir daha vurğulayıb ki, T.Əliyev və T.Xubanov Gürcüstan vətəndaşlarıdır, konstitusiya onların xarici ölkəyə təhvil verilməsini yasaq edir: “Buna gör də biz onların təhvil verilməsindən imtina etmişik”.

T.Əliyev və T.Xubanovun hazırda Gürcüstan ərazisində olub-olmamasına gəlincə, N.Rapava deyib ki, onun bu suala cavab verməyə səlahiyyəti çatmır, belə sualı Daxili İşlər Nazirliyi cavablandıra bilər.



"Media forum"