İnsan haqqı
Arxiv
Xəbərlər
BU İLİN İKİ AYINDA: 9 JURNALİST MƏHKƏMƏYƏ ÇƏKİLİB, 13 JURNALİST TƏZYİQƏ MƏRUZ QALIB
2010-03-12 - 14:58

print

Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı növbəti hesabatını açıqlayıb.

“Media forum” saytının məlumatına görə, hesabatda deyilir ki, bu ilin yanvar-fevral aylarında 9 jurnalist bir neçə dəfə xüsusi ittiham qaydasında məhkəməyə çəkilib. Millət vəkili, akademik Cəlal Əliyev “Yeni Müsavat” qəzetinin iki jurnalistinin (Azər Ayxan, Qoşqar Bakılı), daxili işlər naziri Ramil Usubov “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimovun, Təhsil Nazirliyinin işçiləri “Azadlıq” qəzetinin ekspert-yazarı Əlövsət Osmanlının, Gəncənin polis rəisi ”Bizim yol” qəzetinin yazarı Natiq Cavadlının cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə iddia qaldırıblar. Hərbi hissələrdən birinin komandiri Elsevər Axundov “Hürriyət” qəzetinin iki jurnalistinin (Anar Həsənli, Seymur Əliyev), Liberal Partiyanın rəhbəri Lalə Şövkət Hacıyeva isə “Ölkə” qəzetinin baş redaktoru Rəfael Becanovun və qəzetin əməkdaşı Orxan Sultanəlinin məsuliyyətə cəlb olunması tələbi ilə məhkəməyə şikayət edib.

Hesabata görə, iki ayda 13 jurnalist (“Azadlıq” radiosunun əməkdaşı İlqar Nəsibli və jurnalist Vəfadar Eyvazov, “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev, “Azadlıq” radiosunun və “Turan” informasiya agentliyinin müxbiri Məlahət Nəsibova, jurnalistlər Elman Abbasov və Həkimeldostu Mehdiyev, “Azadlıq” qəzetinin Gəncə bölgəsi üzrə müxbiri Ərşad İbrahimli, “Yeni Müsavat” qəzetinin əməkdaşı Leyla İlqar, ANS telekanalının əməkdaşları Anar Qafarov və Polad Orucov, “Salamnews” informasiya agentliyinin əməkdaşı Zülfüqar Xeyirxəbər, “Presspost” xəbər portalının baş redaktoru Nigar Almanqızı, eləcə də “Gündəlik Bakı” qəzetinin kollektivi təzyiqə məruz qalıb.

Hüquq mühafizə orqanları yalnız bir olayı araşdıraraq cinayət işi başlayıb. Zülfüqar Xeyirxəbərə xəsarət yetirənlərə qəsdən yüngül xəsarət yetirməyə görə cinayət işi açılıb.



"Media forum"