İnsan haqqı
Arxiv
Siyasət
“MƏHBƏS XATİRƏLƏRİ”. DTK ZİNDANINDA YATMIŞ RAFİQ TURABXANOĞLU YARIM ƏSRDƏN SONRA SİRRİ AÇDI
2010-03-09 - 14:46

print

Rafiq Turabxanoğlu

Antisovet düşüncəsinə görə Dövlət Təhlükəsizlik Komitəsinin 1967-68-ci illərdə həbsdə saxladığı, Azərbaycanın müstəqilliyi dövründə - 1992-ci ildə prezidentliyə namizəd olmuş Azərbaycan Xalq Demokrat Partiyasının rəhbəri Rafiq Turabxanoğlu məhbəs xatirələrini qələmə alaraq “Media forum” saytına təqdim edib.

Sayt oxunaqlı bir dildə yazılan və geniş auditoriya üçün nəzərdə tutlan “Məhbəs xatirələri”ni oxuculara təqdim edir. “Məhbəs xatirələri”ni aşağıdakı linkin vasitəsilə oxumaq olar.

Abdullayev Rafiq Turabxan oğlu (Rafiq Turabxanoğlu) 1949-cu ildə Qubadlı rayonunda anadan olub. 1965-ci ildə Neft Texnologiya Texnikumunu, 1975-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1966-cı ildə Ümumazərbaycan Zəhmətkeş Fəhlə Kəndli Partiyasını təsis edib. 1967-ci ildə antisovet düşüncəsinə görə həbs olunub. 1968-ci ildə azad ediləndən sonra bu partiyanı Azərbaycan Xalq Demokrat Partiyası adlandırıb və həmin vaxtdan təşkilatın rəhbəridir. 1992-ci ildə prezidentliyə namizəd olub. 1993-cü ildə Bakı şəhərində bütün türk xalqlarının nümayəndələrinin iştirakı ilə Turan Qurultayını keçirib. Ailəlidir, bir övladı var.

...“Millətimin imzasının millətlərin imzası içində olması” naminə mübarizəyə qoşulmağım 1967-ci ilin payızında məni ovaxtkı SSRİ “KQB”sinin Azərbaycan bölməsinin təcridxanasına gətirib çıxardı.

...Bu gün müstəntiq məni öz hüzuruna saat 11-in yarısı çağırmışdı, kefi də kök idi, ona təəccüblə baxdığımı görüb dedi:

- Axır ki, qovluq tapıldı!

Qovluqdakı sənədlərdən biri bu siyahıydı:

1. Rafiq Sabah;
2. R.Yusif - partiya üzvü;
3. T.Əli - partiya üzvü;
4. H.Vahid - partiya üzvü;
5. A.Səməd - dost, əlaqəçi;
6. Hərbiçi - Səmədin dostu, ləqəb;
7. R.Eyyub - yaxın dostum, partiya üzvü;
8. V.Boran - partiya üzvü;
9. S.Zakir - partiya üzvü;
10. Nəcəf - partiya üzvü;
11. Səhyəddin - partiya üzvü;
12. İrina – dost, əlaqəçi.

...Onu satan kim olub deyə götür-qoy edə-edə T.Əlinin üstündə dayandım və başladım onun bilə biləcəklərini hesablamağa.

...Fikirləşməyə başladım ki, bu adam mənə hardansa tanış gəlir. Bəlli olanda ki, bu adam biz gənclərin ən sevimli ziyalısı olan Şıxəli Qurbanovdur, xeyli həyəcanlandım.

Şıxəli Qurbanovun dediklərindən:

“Yaşamağa məcbur edildiyimiz bu rejimin nəzəri əsasları özünü doğrultmur, iqtisadiyyatı idarə edən mexanizm qüsurludur, ölkənin inkişafını təmin edə bilmir, ölkəni idarə edən siyasi mexanizmisə islahatlara qapalıdır. Bu cür ölkələrdə qarşıdurmalar, hətta çevrilişlər belə qaçılmazdır. Belə halların bizim ölkəmizdə də baş verməsi mümkündür... Tələbələrlə, gənclərlə ciddi iş aparmaq, onların bilikli, ayıq, çevik olmalarına çalışmaq lazımdır ki, onlar gələcəkdə baş verəcək dəyişikliklərə hazır olsunlar, proseslərdə kor-koranə deyil, şüurlu və məqsədli şəkildə iştirak edə bilsinlər. Vətənimizin taleyi bundan asılı olacaq. Bu yolda sizlərə uğurlar arzulayıb ehtiyatlı olmağı tövsiyə edirəm”.

Onu da bilməlisən ki, bir çox respublikada hakimiyyətin zirvəsinə orqan işçilərini yerləşdirmək barədə yuxarıda qəti qərara gəliblər.

Biz gənclərimizi yaxın gələcəkdə baş verə biləcək dəyişikliklərə hazırlamalıyıq, sizlərdən yeganə xahişimiz budur. Mübarizədə itkilər qaçılmazdır, amma bundan çəkinməyin... “

...Kameramın qapısındakı dəlik qəfil açıldı - axşam yeməyi gətirmişdilər, insafən, dadlıydı. Bu gün mənə hətta “Pravda” qəzeti də vermişdilər.

...Deməli, zənnim məni aldatmayıb, çuğulçuluq Əli bəydən keçib, çünki bu məsələni mənimlə ondan başqa heç kəs bilmirdi.

...Mən Azərbaycanın Rusiya tərkibinə “daxil” olmasının 150 illiyinin bayram kimi qeyd olunmasından xalqımız narazılıq edir deyəndə Şıxəli Qurbanovun üzünə xəfif bir təbəssüm çökdü və “Bu, gözəl deyilmi?” deyib üzümə baxdı.

...Müstəntiqdən bir də onu öyrəndim ki, dünyalar qədər sevdiyim atam bu idarəyə gəlib, burda onu təhlükəsizlik komitəsinin sədr müavinlərindən biri qəbul edib, onu hörmətlə qarşılayıb yola salıblar.

...Biz yarım saata qədər söhbət elədik, o, respublikanın adlı-sanlı psixiatrı olmağından danışdı və dedi ki, mən bir müddət burda qalmalıyam. Sonra düyməni basdı, içəri ağ xalatlı orta yaşlı bir qadına məni palataya aparmağı tapşırdı.

...Mən dəmir barmaqlı pəncərədən onları səsləyəndə üçü də həyəcanla mənə tərəf döndü. Qardaşım iti addımlarla mən baxan pəncərəyə sarı gəlirdi ki, xəstəxana işçiləri güc-bəlayla onun qabağını kəsə bildilər. Anama “Məni üzürlü say” dedim, o da “Darıxma, oğlum, iş adam başına gələr” deyib ordan aralandı.

...Sevincimin həddi-hüdudu yox idi. Biz qucaqlaşdıq, o mənə danışdı ki, atam Dövlət Təhlükəsizlik Komitəsində böyük vəzifəli birisiylə görüşüb, o da atamı arxayın edib ki, narahat olma, oğlunun azad olunması üçün əlimizdən gələni edirik.

...Mən DTK-nın binasından çıxan kimi ardımca qapını bağladılar. Təxminən təyin edə bildim ki, hökumət evi tərəfdəyəm, deməli, gəzə-gəzə qalxsam gedib vağzalın üstünə çıxmış olaram.

Yavaş-yavaş özümə gəlməyə başlamışdım, sanki get-gedə yuxudan ayılırdım. Adamlar yanımdan ötüb keçir, heç mənə fikir də vermirdilər, deməli, artıq mən də onlardan biriydim. Yəni hara istəsəm gedə bilərdim. Bu, çox qəribə hissiydi.

...Bir qədər getmişdik ki, yoxlayıcılar gəldilər.

Mən instinktiv olaraq əlimi qoltuq cibimə atdım, orda DTK-nın məhkumluqdan azad olmam barədə verdiyi sənəd vardı - şəklim də üstündə. Təftişci sevincək sənədi əlimdən qapıb oxumağa başladı və təəccübdən kişinin gözləri bərəldi.

...Zaman keçdikcə ötən çağlar tarixə dönür və orda əbədiyyət qazanır. Çox da uzaq olmayan bu tarixə - iyirminci əsrin ortalarına mən çox dəyərli siyasətçimiz İsa Qəmbərin məsləhətiylə baş vurdum. İsa bəy məni inandırdı ki, iştirakçısı və şahidi olduğum hadisələr mənə adi gələ bilər, amma gələcək nəsillər üçün bu hadisələrin önəmi böyükdür. O qeyd etdi ki, bu gün həmin tarixi hadisələri analiz etməyin vaxtı gəlib çatıb. Ona görə də mən o dövr barədə fikirlərimi sizlərlə paylaşmaq qərarına gəldim.


Məhbəs xatirələri



"Media forum"