2010-03-04 - 18:19

“Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı İranda həbsdə olan jurnalistlərin yeni təzyiqlərlə üzləşdiyini bəyan edib.
“Media forum” saytının məlumatına görə, təşkilatın yaydığı bəyanatda deyilir: “Əldə edilmiş məlumatlara görə, Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) həbsxanalarında saxlanan məhbus jurnalistlərə təzyiq olunur ki, ictimaiyyət qarşısına çıxıb ölkənin dini rəhbəri ayətullah Əli Xamneyidən üzr istəsinlər və ondan əfv olunmalarını xahiş etsinlər”.
Bəyanatda son 8 ayda İranda 110 jurnalistin həbs edildiyi vurğulanır: “Azad xəbər yaymaqdan başqa heç bir günahı olmayan bu jurnalistlər niyə üzr istəməli və əfv tələb etməlidirlər? Hesab edirik ki, tam əksinə olmalı və son 8 ayda 110 jurnalisti tutub həbsə saldığına, ölkə mətbuatına güclü senzura tətbiq etdiyinə, 20-dən çox mətbu orqanın fəaliyyətinə qadağa qoyduğuna görə İran hökuməti məhbus jurnalistlərdən üzr istəməli, bağışlanmasını istəməlidir”.
İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei son vaxtlar müsahibələrinin birində siyasi məhbusların azadlığa buraxılmasının əsas şərtlərindən biri kimi onların yazılı şəkildə tövbə etməsi olduğunu demişdi.

