İnsan haqqı
Arxiv
Bölgə
MÜXALİFƏT LİDERLƏRİ ZİNDANDAN ÇIXMIŞ SİLAHDAŞLARINA BAŞ ÇƏKİB
2010-03-12 - 16:22

print

İran müxalifətinin liderləri - keçmiş prezident Məhəmməd Xatəmi, keçmiş baş nazir Mirhüseyn Musəvi, keçmiş parlament sədri, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin nəvəsi Yasər Xomeyni martın 11-də 9 ay həbsdən sonra azadlığa buraxılmış məşhur islahatçı Mustafa Taczadənin evinə baş çəkərək onunla görüşüblər.

“Media forum” saytının məlumatına görə, Məhəmməd Xatəmi görüşündə son aylardakı olaylara toxunub və həbsdə saxlanan bütün siyasi məhbusların Novruz bayramından əvvəl azadlığa buraxılmasını arzuladığını bildirib. Musəvi isə Taczadənin 9 ay müddətində müxtəlif təzyiqlərlə üz-üzə qalmasından təəssüfləndiyini bildirərək bütün “yaşıl hərəkat” tərəfdarlarını müqavimətə çağırıb: “Biz hamımız hədəfimizə çatana qədər birlikdə müqavimət göstərəcəyik”.

Martın 11-də Taczadənin mənzilinə gedib onunla görüşən yüzdən çox insan arasında tanınmış islahat tərəfdarları, o cümlədən Zəhra Rəhnəvərd, Səid Həccariyan, Haşım Ağacəri, Məhəmmədəli Əbtəhi və digər şəxslərin də olduğu vurğulanır.

Xatəminin prezidentliyi dövründə İran daxili işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi olmuş Taczadə 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlardan sonra tutulub həbsə salınmışdı. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, vətəndaşları iğtişaşlara yönəltməkdə və dini rəhbər Əli Xamneyini təhqir etməkdə günahlandırılırdı.

Həbsini İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) məxsus təkadamlıq kameralarda və digər zindanlarda keçirən M.Taczadənin bu müddətdə efirə çıxıb yalançı etiraflar etmək üçün müxtəlif təzyiq və işgəncələrə məruz qaldığı bildirilir.

İslahatçı İnqilab Mücahidləri Təşkilatının və İran Müşarikət Partiyasının üzvü olan Taczadə son hakimiyyətə əyilməyən müxaliflərdən biri kimi tanınır.

 
 
 
 
 
 

 
 
 
 



"Media forum"