2010-03-09 - 17:18
![]() |
|
Əlövsət Əliyev |
“Azərbaycanda hüquqları pozulan qruplardan biri də vətəndaşlıq mənsubiyyəti problemi ilə qarşılaşan insanlardır”. Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev belə deyir. “Media forum” saytına danışan ekspert bildirir ki, Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə, bu ölkədə doğulan şəxslərə elə problemlər yaradırlar ki, adi şəxsiyyət vəsiqəsi ala bilmirlər.
Ə.Əliyev qeyd edir ki, adamlara əsassız olaraq maneələr yaradırlar: “Bizim bu problemlərlə bağlı onlarla məhkəmə prosesimiz var. Azərbaycan vətəndaşlarına problemlər yaradılır, amma kənardan gələn bəzi şəxslər çox asanlıqla vətəndaşlıq alırlar. Məsələn, əcnəbi idmançılar. İdman sahəsində heç bir uğuru olmayan, tanınmayan, nə vətəndaşı olduğu ölkəyə, nə Azərbaycana uğur gətirən şəxslər asanlıqla vətəndaşlıq hüququ qazanırlar”.
1998-ci ilə qəbil edilmiş “Vətəndaşlıq haqqında” qanundan söz açan Ə.Əliyev deyir ki, elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda, yaxud Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər: “Lakin xaricdən gətirilən idmançılar nə 5 il Azərbaycanda yaşayır, nə dövlət dilini bilirlər ki, Azərbaycan vətəndaşlığına qəbul olunsunlar. Onlar Azərbaycan dövləti qarşısında böyük qəhrəmanlıq da göstərməyiblər, dünya şöhrətli insanlar da deyillər”.
İctimai birliyin rəhbəri iddia edir ki, idmançıların çoxu Azərbaycan Respublikasının vətəndaşlığını saxtalaşdırılmış sənədlərlə əldə edirlər: “Ola bilər ki, onlarla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, ya digər federasiyaların müraciətləri olur. Hətta bununla bağlı bizim AFFA-ya müraciətimiz, rəsmi sorğumuz oldu. Lakin cavab ala bilmədik”.
Ə.Əliyev bildirir ki, bu yaxınlarda vaxtilə Azərbaycan vətəndaşlığı qazanmış nigeriyalı futbolçu Miqrasiya Mərkəzi İctimai Birliyinə müraciət edib: “Bu şəxsin adını qeyd etmək istəmirəm, uzun müddət ayrı-ayrı futbol komandalarında oynayıb. Bəlli olub ki, hər klubda çıxış edərkən ona ayrı-ayrı pasportlar verilib. Ölkəsinə qayıtmaq istəyəndə isə pasportunu əlindən alıblar. Belədə o, sənədsiz miqranta çevrilmişdi. Bizim təşkilatın yardımı, həmçinin beynəlxalq təşkilatların dəstəyi ilə onu öz ölkəsinə qaytara bildik. Sənədsiz miqrant kimi getdi”.
Hüquqşünas deyir ki, xaricdən gətirilən idmançıların şəxsiyyət vəsiqəsi, pasport alması, onların soyadlarının dəyişdirilməsi, yalançı nikaha daxil olmaları vətəndaşlıq əldə etməyə əsas vermir: “Legionerlərin əksəriyyəti saxta sənədlər alıblar. Onların heç birinin Azərbaycan Respublikasının vətəndaşı olması haqqında prezident sərəncamı yoxdur. Halbuki Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə görə, vətəndaşlıq məsələlərini ölkə prezidenti həll edir”.
Ə.Əliyev əlavə edir ki, idmançı adı ilə Azərbaycana gətirilən bəzi şəxslər insan alveri qurbanına çevrilir: “Onları idman, futbol adı ilə bura gətirir, sonra isə pasportunu əlindən alıb restoranlarda, şadlıq evlərində ayrı-ayrı məqsədlərlə çalışdırırlar. Misal üçün, şadlıq evlərində qara qul kimi, xonça tutan kimi işlədir, yaxud müştəri cəlb etmək üçün qapıçı qoyurlar”.
Azərbaycanın əksər milli komandalarında xarici idmançılar yer alır. Legionerlərə futzaldan futbola, otüstü xokkeydən güləşə qədər çox idman növündə rast gəlirsən. Sual doğur: bu qədər xaricinin milliləşdirilməsi zamanı vətəndaşlıq haqda qanunvericiliyin tələbləri gözlənirmi?
“Media forum” saytı bu sualla Gənclər və İdman Nazirliyinin sözçüsü Səmayə Məmmədovaya müraciət edib. O, milli komandaların işləri ilə federasiyaların məşğul olduğunu deyərək sualı cavablaya bilməyəcəyini deyib. Dövlət Miqrasiya Xidmətindən isə redaksiyanın sifahi sorğusuna cavab almaq mümkün olmayıb.
“Vətəndaşlıq haqqında” qanundan çıxarış:
Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul
Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu Qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.
Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.
Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.
Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir.
Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir.


