İnsan haqqı
Arxiv
Hüquq
AC OLAN – ÖC ALAN
2010-03-10 - 15:11

print

Mehriban VƏZİR


Azərbaycan əhalisinin böyük çoxluğu aclıq və səfalət içindədir. Bunu statistik rəqəmlər də asanlıqla isbat edir. Pensiyaları, maaşları, tələbə təqaüdlərini, eyni zamanda işsizliyi və bazar qiymətlərini müqayisə etmək yetər ki, yoxsulluğun acınacaqlı mənzərəsi açıq-aydın görünsün. Bu qorxunc mənzərəni görmək gücünü itirmiş yüksək idarəetmə isə qəflət içindədir. Ac və gücsüz düşürülmüş xalqın nə demək olduğunu hələ anlamır. Acların zalımcasına öc almasından bixəbərdir sanki.

Statistika “SOS” deyə bağırır. Şəhərimizin bəzi mənzərələri də bu rəqəmləri acı-acı ifadə edir. Elə bu şəhərdə, cəmiyyətimizin mütləq çoxluğunun əhvalını ifadə edən bəzi məkanlarda, 10-15 dəqiqə durub, olub-keçəni bir film kimi seyr etmək, əcaib toplum mənzərələrinə – qara geyimlərə, qaba rəftarlara, çaşqın və işıqsız surətlərə tamaşa etmək yetər ki, xalqın pərişan halını anlayasan.

Müşahidə etdiyim qədər Bakının iki mərkəzi bu şəhərin, eyni zamanda bu ökənin qara aynasıdır: “Əzizbəyov” metrostansiyası meydanı və 3-cü mikrorayon dairəsi (Yəqin digər yerlər də var). Bu əraziləri üç kəlmə ilə təsnif etmək mümkün olar: yoxsulluq, nadanlıq, natəmizlik.

Bakının ürəyi, şəhər damarlarının qovşağı olan bu məkanların acınacaqlı tablosu ölkə əhalisinin əksəriyyətinin maddi, mənəvi durumunu, içini-dışını, hal-əhvalını belə ifadə edir: yoxsulluq, nadanlıq, natəmizlik. Bu çirkli və çirkin tabloların müəllifləri isə hələlik salonlarda, ziyafətlərdə bərq vurmaqdadırlar. Onların gözləri görmür, qulaqları eşitmir, yolun qəzalı sonunu xəyallarına belə gətirə bilmirlər.

Tarix niyə bu qədər eyniyyətlə təkrar olunur!?

Yoxsulluq, nadanlıq, natəmizlik... Əslində bu üç amil əsasən bir-birini törədən məfhumlardır.

Yoxsulluq böyük fəlakətdir. Xalqın maarifdən və mədəniyyətdən, dünyanın gedişatından və inkişaflardan geri qalması deməkdir. Xalqı yoxsulluğun faciəvi girdabına sürümək, imtahanların keçilməzi olan çörək imtahanına salmaq hakimiyyətlərin ən ağır, ən bağışlanmaz səhvidir. Belə səhv heç vaxt və tarixin heç bir dönəmində bağışlanmayıb, cəzasız qalmayıb və qalmayacaq.

Digər pis və çirkin olan nə varsa, o cümlədən mənəviyyatsızlıq, aşırı yoxsulluqdan doğar. Yoxsulluğun döğurduğu belə qara törəmələrdən biri və ən fəlakətlisi nadanlıqdır.Yoxsul cəmiyyət qeyd-şərtsiz nadandır, cahildir, mərifətsizdir. Daha doğrusu, zor gücü ilə soyularaq, talan edilərək, haqqı alınaraq nadanlıq, cahillik, maarifsizlik girdabına düşürülmüş zavallıdır.

Nadanlıq isə bütün mənalarda natəmizliyin alt yapısıdır.

Son 17 ildə ölkə əhalisi yoxsulluq, nadanlıq, natəmizlik girdabına salındı. Mənəviyyatsızlıq girdabına. İdarəçilik xalqımızın mədəni səviyyəsini kəskin surətdə düşürdü. Bütün diktaturalar kimi cəmiyyəti özünün getdiyi qaranlıqlara doğru sürükləyə bildi.

Yaxşı, bəs hakimiyyət özü nə qazandı? Nəyə nail oldu?

Qeyd elədik ki, pis və çirkin olan nə var, aşırı yoxsulluqdan doğar. Onu da qeyd edək ki, pis və çirkin olan nə var, hamısı aşırı zənginlikdən, harınlıqdan doğar. Hər ikisi insanı insanlıqdan çıxarırr. Hər ikisi mənliyin və əxlaqın düşmənidir. Demək, xalq üçün iki təhlükəli amil mövcuddur: aşırı yoxsulluğun və aşırı zənginliyin təbəqə halına gətirilməsi.

Çox zənginlərin və çox yoxsulların tək-tək olmaqdan çıxarılıb təbəqə halına gətirilməsi, azlığın və çoxluğun nisbətinə çevrilməsi xalqımızın gələcəyi üçün çox ağır faciələr vəd etməkdədir. Çoxluğun hədsiz yoxsul, azlığın hədsiz zəngin olması, əslində çoxluq olmalı olan orta təbəqənin azlıqda qalması dövlətimizin gələcəyinə təhdiddir.

Mövcud idarəetmə xalqın böyük əksəriyyətini kasıblaşdırıb maarifdən, təhsildən, mədəniyyətdən, yeni texnologiyalardan, görüb-götürməkdən uzaq saldığı qədər, cahil vəziyyətə gətirdiyi qədər, öz zəngin təbəqəsini də eyni dərəcədə sarsıtdı və xalqla üz-üzə qoydu.

Zənginlər də - məhz xalqın cibinə girərək böyük varidat toplamış iri məmur çevrəsi də maarifdən, ziyadan, insanlıqdan, xeyirxahlıqdan, siyasi mədəniyyətdən, halallıqdan uzaq düşdü.

Bir xalqın siması və mədəni kimliyi çoxluğu əhatə etməli olan, nə yoxsul, nə zəngin olan orta təbəqədir. Azərbaycanda orta təbəqə sayılacaq zümrə xalqın siması olmaqdan çıxdı artıq. Çünki kəmiyyətcə o qədər kiçildi ki, təmsilçilik mandatını itirdi. Xalqın deyil, azlığın təmsilçisinə çevrildi. Bu gün Azərbaycan xalqının yeni - çirkin və çirkli, həm də ikiüzlü təmsilçisi formalaşıb. Pis və çirkin olanı özündə ehtiva edən yoxsullar, yenə pis və çirkin olanı özündə ehtiva edən zənginlər.

Onlar qarşı-qarşıyadırlar. Döyüş meydanının tərəflərindədirlər. Onların üz-üzə gəldiyi gün, fürsətlərin yerdəyişmə günü bu vətənin məşhəri ola bilər. Ac olanın öc almağı bütün nailiyyətlərin bitməsi, bütün fəlakətlərin başlanması deməkdir.



.